Rusiya-Ukrayna müharibəsində hər iki tərəfin ümumi hərbi itkilərinin (ölən və yaralananlar) sayı dəhşətli həddə - 2 milyon nəfərə çatıb.
"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu "The New York Times" (NYT) qəzetində dərc olunan araşdırmada bildirilir.
ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatlarına əsaslanan təhlildə qeyd olunur ki, Rusiyanın ümumi itkiləri təxminən 1,4 milyon nəfər təşkil edir. Ukraynanın itkiləri isə 525 min ilə 625 min nəfər arasındadəyişir.
Araşdırma müəllifləri vurğulayırlar ki, böyük canlı qüvvə itkilərinə baxmayaraq, Rusiya ordusunun cəbhədəki irəliləyişi kəskin şəkildə zəifləyib. Eyni zamanda, Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirdiyi intensiv hücumlar hərbi əməliyyatları getdikcə Rusiyanın daxili ərazilərinə daşıyır.
"The New York Times"ın yazır ki, 2026-cı ildə Rusiya hər ay 30-34 min hərbi qulluqçu itirir. Bu rəqəm artıq Rusiya Ordusunun müqavilə əsasında xidmətə cəlb edə bildiyi yeni könüllülərin sayını üstələyir. Nəticədə, bu ilin yaz aylarında Rusiya ordusu 2024-cü ildən bəri ilk dəfə olaraq Ukraynada işğal etdiyindən daha çox ərazi itirməyə başlayıb.
Qeyd edək ki, həm Moskva, həm də Kiyev rəsmi səviyyədə öz canlı qüvvə itkilərini açıqlamır və diqqəti yalnız qarşı tərəfin itkilərinə yönəldirlər.
Rusiya Müdafiə Nazirliyi öz itkiləri barədə sonuncu dəfə təxminən dörd il əvvəl – ölkədə qismən səfərbərlik elan edildiyi gün (21 sentyabr 2022-ci il) məlumat verib və o vaxtdan bəri bu statistika tamamilə gizli saxlanılır.
Rasim
"AzPolitika.info"

Şərhlər