Cari ilin mayın 30-da Ermənistanın Tavuş bölgəsinin (Azərbaycanın Qazax rayonu ilə sərhəddə yerləşir) sərhədyanı Voskepar (Əskipara) kəndinin sakinləri ilə seçkiqabağı görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan dövlət sərhədinin delimitasiya prosesinin başa çatdırılmasını ən vacib vəzifələrdən biri hesab etdiyini və bu problemin Voskepar sakinlərinin gələcək nəsillərinə qalmamasını bildirmişdi.
"AzPolitika" xəbər verir ki, Paşinyan Kirants kəndini nümunə gətirərək delimitasiya nəticəsində Azərbaycanla sərhədin yaxınlaşmasının təhlükəsizlik risklərini artırmadığına inandırmağa çalışıb.
Ermənistan mediası iddia edir ki, Paşinyan bu açıqlama ilə əsasən sakinləri delimitasiya prosesi davam edərsə və anklav hesab edilən Əskipara təhvil verilərsə, Azərbaycan mövqelərinin kənddən cəmi 30 metr məsafədə ola biləcəyinə inandırmağa çalışıb.
Delimitasiya prosesi davam edərsə, təkcə Yuxarı Əskipara əraziləri deyil, həm də Kirants və Əskipara arasındakı dövlətlərarası magistral yolun bir neçə hissəsi Azərbaycana veriləcək.
Azərbaycan ilə Ermənistan arasında aparılan sərhədlərin delimitasiyası prosesi nəticəsində Ermənistanın işğalı altında olmuş Qazaxın 7 kəndindən 4-ü artıq işğaldan tam azad edilib, digər 3-ü isə hələ də işğal altındadır.
Hal-hazırda işğal altında qalan kəndlər hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunur və onların qaytarılması delimitasiya komissiyalarının növbəti mərhələdəki müzakirə mövzularından biridir.
2024-cü ilin aprel-may aylarında Azərbaycan və Ermənistan arasında əldə olunmuş sərhəd razılaşmasına əsasən, 4 kənd dövlət sərhəd xəttinin müəyyənləşdirilməsi ilə döyüşsüz və rəsmən Azərbaycana qaytarılıb və hazırda Dövlət Sərhəd Xidməti tərəfindən nəzarət olunur.
"AzPolitika.info"

Şərhlər