Rusiyanın siyasi və maliyyə elitasında ölkə iqtisadiyyatının gələcəyi və getdikcə dərinləşən yanacaq böhranı ilə bağlı ciddi təşviş yaranıb. Kremlin ən iri maliyyə strukturu olan "Sberbank"ın rəhbəri German Qrefin müharibə ilə bağlı son açıqlaması və Federasiya Şurasının sədri Valentina Matviyenkonun biznesə çağırışları Rusiya rəhbərliyindəki daxili gərginliyi üzə çıxarıb.
"AzPolitika" xəbər verir ki, "Sberbank"ın rəhbəri German Qref RBC-yə şərhində Ukraynadakı müharibənin gətirdiyi fəsadlardan narahatlığını gizlətməyib.
Qref ölkədə hamının yeganə istəyinin hərbi əməliyyatların tezliklə başa çatması olduğunu vurğulayıb: "Düşünmürəm ki, ölkədə hərbi əməliyyatların tezliklə başa çatmasından başqa hansısa digər qayğısı olan ikinci bir insan tapılsın".
Maraqlıdır ki, bu bəyanat əvvəlcə nəşrin teleqram kanalından silinsə də, az sonra yenidən bərpa edilib.
Siyasi ekspertlərin fikrincə, Rusiyada yanacaq qıtlığı və kəskin qiymət artımı Vladimir Putinin hakimiyyətə gələrkən xalqla bağladığı "ictimai paktı" tamamilə darmadağın edib.
Siyasi şərhçi Ruslan Aysinin sözlərinə görə, vaxtilə neft baha olanda cəmiyyət öz mülki və siyasi hüquqlarını təhlükəsizlik və sabitlik müqabilində Kremlə ötürmüşdü. Lakin indiki vəziyyət fonunda həmin sabitlik yoxa çıxıb: "Biz hazırda elə bir vəziyyətlə qarşılaşmışıq ki, hətta "bədnam 90-cı illər" belə insana cənnət kimi görünür. O vaxt qıtlıq olsa da, gələcəyə ümid və azadlıq var idi. İndi isə nə gələcək obrazı var, nə də nəyisə dəyişmək hissi. Putin artıq sabitliyi deyil, 'qanlı 2020-ciləri' simvolizə edir".
İqtisadçı İqor Lipsits bildirir ki, German Qrefin bu cür ehtiyatlı, lakin ciddi narahatlıq ifadə edən mesajlar verməsi təsadüfi deyil. Çünki ölkənin bank sistemi daxildən ciddi böhran keçirir. Hazırda Rusiya iqtisadiyyatında geri qaytarılmayan "bədnam kreditlərin" payı 10%-i ötüb ki, bu da bank sektoru üçün kritik hədd sayılır.
Məlumatların gizlədilməsinə baxmayaraq, əhalinin kütləvi şəkildə hesablardan pulları nağdlaşdıraraq çıxardığı müşahidə olunur. Lipsitsin proqnozuna görə, yaxın gələcəkdə Rusiyanı kütləvi ixtisarlar, maaşların gecikdirilməsi və bankların əmanətçilər qarşısında defolt elan etməsi riski gözləyir.
Rusiyadakı yanacaq böhranının ən əsas səbəbi Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın neft emalı zavodlarına (NEZ) ardıcıl zərbələr endirməsidir. Kapotnyadakı Moskva NEZ-i tamamilə dayanıb, Slaviansk zavodu sıradan çıxıb.
İqtisadçılar qeyd edirlər ki, PUA zərbələrindən sonra sığortalanmayan və xaricdən avadanlıq gətirilməsi qeyri-mümkün olan bu zavodları bərpa etməyə sahibkarlar böyük risk etmirlər. Bu isə Rusiyanı xaricdən yanacaq idxal etmək məcburiyyətində qoyur.
Bəs regional tərəfdaşlar Rusiyanın benzin ehtiyacını qarşılaya bilərmi? İqor Lipsits bu məsələdə pessimistdir:
"İdxal asan məsələ deyil. Yaxın qonşuların, o cümlədən nə Azərbaycanın, nə də Qazaxıstanın Rusiyanı bu həcmdə təmin edəcək qədər artıq yanacaq ehtiyatı yoxdur. Hindistandan məhsul daşıyan boş gəmiləri gətirmək isə logistika xərclərini kəskin artıracaq. Əgər hazırda Rusiyada benzinin litri 100 rubla yaxınlaşırsa, xaricdən gətirilən yanacaqla bu qiymət ikiqat artaraq 200 rubla (təxminən 4 manata yaxın) çata bilər".
Federasiya Şurasının iclasında bəzi senatorlar aqrar sektorun yanacaqla təminatının fəlakətli vəziyyətdə olduğunu desələr də, spiker Valentina Matviyenko vəziyyəti "dramatikləşdirməməyə" çağırıb və hökumətin tezliklə problemi həll edəcəyini iddia edib. Bununla belə, onun biznesə yönəlik "hər qəpiyə qənaət edin" çağırışı Kremlin real vəziyyətdən ciddi şəkildə qorxduğunun göstəricisi hesab olunur.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər