Süni intellekt texnologiyalarının sürətli inkişafı Azərbaycanda da müxtəlif sahələrə təsir göstərməyə başlayıb. Xüsusilə bank sektoru, kənd təsərrüfatı, təhsil və xidmət sahələrində süni intellekt əsaslı həllərin tətbiqi iqtisadi imkanları genişləndirir. Mütəxəssislər hesab edirlər ki, bu texnologiyalar məhsuldarlığın artmasına və yeni iş imkanlarının yaranmasına səbəb ola bilər. Bununla yanaşı, bəzi peşələrin risk altına düşməsi və rəqəmsal bacarıqlara tələbin artması da müzakirə olunan məsələlərdəndir.
Bəs süni intellekt Azərbaycan iqtisadiyyatına hansı real faydaları verə bilər? Bu texnologiyalar əmək bazarına necə təsir göstərəcək? Azərbaycan süni intellekt sahəsində regionda rəqabət apara biləcəkmi?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, bu gün dünya ölkələri süni intellektin bəşəriyyətə xidmət edən, inkişaf və tərəqqiyə töhfə verən imkanlarından maksimum yararlanmağa çalışırlar.
Onun sözlərinə görə, süni intellekt gələcəyin ayrılmaz bir hissəsidir: “Süni intellekti yaradan da insandır və insanın yaratdığı bu məhsul bəşəriyyətə xidmət etməlidir və edəcək də. Hansı ölkə, cəmiyyət və ya region süni intellekt imkanlarını daha tez mənimsəyərsə, həmin tərəf daha sürətli inkişaf, yüksək səmərəlilik və perspektiv əldə edəcək. Bu isə bütün sahələrə aiddir”.
İqtisadçı əlavə edib ki, süni intellektin müəyyən təhlükələri də mövcuddur: “Xüsusilə işsizlik riskinin artması ehtimalı diqqətdə saxlanılmalıdır. Bunun üçün transformasiya prosesləri daha sürətlə aparılmalıdır. Bu gün aktual sayılan bir çox peşələr - maliyyəçi, iqtisadçı, mühasib və digər sahələr gələcəkdə ciddi şəkildə dəyişəcək. Məsələn, mühasibat sahəsində bir neçə nəfərin gördüyü işi gələcəkdə bir nəfər idarə edə biləcək. Süni intellekt hesabatların hazırlanması, vergi və sosial təminat istiqamətindəki proseslərin böyük hissəsini avtomatlaşdıracaq”.
Ekspert bildirib ki, bəzi sahələrdə insan amili arxa plana keçsə də, yüksək ixtisas tələb edən istiqamətlərdə peşəkar kadrlara ehtiyac daha da artacaq: “Xüsusilə kimya, fizika, kənd təsərrüfatı və aqronomluq kimi sahələrdə süni intellektə düzgün parametrlər verən, dəqiq tədqiqatlar aparan mütəxəssislər həmişə vacib olacaq. İnsanlar gələcək peşə seçimində, təhsil istiqamətlərində və əmək bazarının tələblərində daha diqqətli olmalıdırlar. Texnologiyanın inkişaf sürəti əvvəlki dövrlərlə müqayisədə qat-qat yüksəkdir. Məsələn, 90-cı illərdə mobil telefonların yenilənməsi uzun illər çəkirdisə, bu gün texnologiyalar çox qısa müddətdə dəyişir. Dünən hibrid avtomobillərdən danışılırdısa, bu gün elektromobillər artıq geniş yayılıb”.
Ekspert vurğulayıb ki, süni intellekt bu gün istənilən sahədə - xəstəliklər, ünvanlar, xidmət obyektləri və digər mövzularda suallara cavab verə bilir, hətta mürəkkəb və spesifik sahələrdə belə məlumat təqdim edir: “Süni intellekt sürətlə inkişaf edir və hansı ölkə bu texnologiyadan daha səmərəli istifadə edər, institusional səviyyədə onu düzgün qiymətləndirər və bu sahədə peşəkar mütəxəssislər yetişdirərsə, həmin ölkə gələcəyin liderləri sırasında yer alacaq”.
Oğuz Ayvaz
AzPolitika.info

Şərhlər