Nəcmin Məmmədov: “Bu yanaşma eyni zamanda xidmətlərin daha əlçatan və daha şəffaf şəkildə göstərilməsinə imkan verir”
Azərbaycanda rəqəmsal transformasiya son illərdə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Burada əsas məqsəd dövlət idarəçiliyini daha çevik, şəffaf və səmərəli etmək, vətəndaşlara və biznes subyektlərinə göstərilən xidmətlərin keyfiyyətini artırmaq, eyni zamanda ölkənin innovasiya əsaslı iqtisadi modelə keçidini sürətləndirməkdir.
Bu ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə rəqəmsal inkişaf sahəsində yeni hədəflər də artıq müəyyənləşdirilib. Həmin qərarların davamı olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın əsas vəzifəsi dövlət qurumlarının rəqəmsallaşma prosesini vahid strategiya əsasında əlaqələndirmək, müxtəlif qurumlar arasında koordinasiyanı gücləndirmək və həyata keçirilən layihələrin səmərəliliyini artırmaqdır.
Bu istiqamətdə mühüm addımlardan biri də Prezidentin 27 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"dır. Sənəddə növbəti üç il ərzində ölkənin rəqəmsal inkişafını təmin edəcək strateji hədəflər və kompleks tədbirlər öz əksini tapıb.
Fəaliyyət Planına əsasən, dövlət qurumları üzrə yol xəritələri hazırlanacaq, Milli Məlumat Hövzəsi formalaşdırılacaq, dövlət informasiya sistemləri mərhələli şəkildə hökumət buluduna köçürüləcək. Bununla yanaşı, süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi genişləndiriləcək, milli kibertəhlükəsizlik infrastrukturu daha da gücləndiriləcək və rəqəmsal dövlət xidmətlərinin keyfiyyəti artırılacaq.
Başlıca məqam kimi qeyd edə bilərik ki, rəqəmsallaşmanın əsas üstünlüklərindən biri dövlət xidmətlərinin vahid platformada cəmləşdirilməsidir. Bu günə qədər vətəndaşlar müxtəlif dövlət qurumlarının xidmətlərindən istifadə etmək üçün ayrı-ayrı tətbiqlərə daxil olmalı olurdu. Yeni yanaşma isə bu pərakəndəliyi aradan qaldırmağı hədəfləyir.
Qarşıya qoyulan hədəflərin icrası məqsədilə iyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda Fəaliyyət Planının icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, təhsilin rəqəmsallaşdırılması, süni intellekt texnologiyalarının tətbiqi və digər strateji məsələlər müzakirə olunub.
Mehriban Əliyeva bildirib ki, qarşıdakı dövrdə dövlət idarəçiliyində rəqəmsallaşmanın dərinləşdirilməsi, süni intellektdən geniş istifadə, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi, innovasiya və startap ekosisteminin inkişafı Şuranın əsas fəaliyyət istiqamətlərini təşkil edəcək. Eyni zamanda, bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun şəkildə qəbul edilməsinin vacibliyi xüsusi vurğulanıb.

Belə ki, gələcəkdə vətəndaşlara təqdim olunan bütün rəqəmsal dövlət xidmətləri və elektron sənədlər "mygov", sahibkarlara göstərilən xidmətlər isə "mygov Biznes" platforması üzərindən təqdim ediləcək. Bu, həm istifadə rahatlığını artıracaq, həm də xidmətlərin daha sürətli və təhlükəsiz göstərilməsinə imkan verəcək. Artıq bu istiqamətdə mühüm nəticələr əldə olunub. "e-Sosial", "e-Təbib" və "e-Su" tətbiqləri tam şəkildə "mygov" platformasına inteqrasiya edilib. Eyni zamanda "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" xidmətlərinin də əhəmiyyətli hissəsi platformaya əlavə olunub. Nəticədə vətəndaşlar müxtəlif dövlət xidmətlərinə vahid giriş nöqtəsi vasitəsilə çıxış əldə edə bilirlər.
Onu da qeyd etmək yerinə düşər ki, rəqəmsal transformasiya təkcə dövlət xidmətləri ilə məhdudlaşmır. Təhsil sahəsi də bu prosesin əsas istiqamətlərindən biridir.
Elm və təhsil naziri Emin Əmrullayev bu yaxnlarda verdiyi müsahibədə bildirib ki, təhsil sisteminin rəqəmsallaşdırılması, "Rəqəmsal məktəb" layihəsinin genişləndirilməsi, elektron təhsil xidmətlərinin artırılması və tədris prosesinin rəqəmsal transformasiyası prioritet istiqamətlər sırasındadır.
Nazirin sözlərinə görə, "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələri vasitəsilə məktəblilərin informasiya texnologiyaları, proqramlaşdırma, robototexnika və mühəndislik sahəsində biliklərinin artırılması, gələcəyin əmək bazarına uyğun insan kapitalının formalaşdırılması qarşıya qoyulan əsas məqsədlərdəndir.
İT mütəxəssisi Nəcmin Məmmədov “AzPolitika”ya açıqlamasında bildirib ki, dövlət xidmətlərinin rəqəmsallaşdırılması vətəndaşlar üçün bir sıra mühüm üstünlüklər yaradır. Onun fikrincə, rəqəmsal xidmətlər ilk növbədə insanların vaxtına qənaət edir, dövlət qurumlarında növbələrin azalmasına və kağız sənəd dövriyyəsinin minimuma enməsinə şərait yaradır. Bu yanaşma eyni zamanda xidmətlərin daha əlçatan və daha şəffaf şəkildə göstərilməsinə imkan verir.

Ekspert bildirib ki, "myGov" kimi vahid platformaların imkanlarının genişləndirilməsi sayəsində vətəndaşlar bir çox dövlət xidmətindən mobil telefon vasitəsilə istifadə edə, müxtəlif müraciət və əməliyyatları dövlət qurumlarına getmədən həyata keçirə bilirlər.
Nəcmin Məmmədov hesab edir ki, gələcəkdə bütün dövlət xidmətlərinin vahid platformada birləşdirilməsi və süni intellekt dəstəyi ilə daha sürətli, eləcə də fərdiləşdirilmiş xidmətlərin təqdim olunması istiqamətində inkişafın davam etməsi gözlənilir.
Bütün dünyada, eləcə də ölkəmizdə keçid edilən rəqəmsallaşma mühiti dövlət idarəçiliyində bürokratik maneələrin azalmasına, sənəd dövriyyəsinin sürətlənməsinə, məlumat mübadiləsinin operativləşməsinə və dövlət xərclərinin optimallaşdırılmasına şərait yaradır.Eyni zamanda rəqəmsal həllər korrupsiya risklərini minimuma endirməklə yanaşı, qərarların qəbulunda məlumatların daha effektiv təhlilinə imkan yaradır. Bununla yanaşı, hökumət buludunun yaradılması dövlət informasiya sistemlərinin təhlükəsizliyini artıracaq, Milli Məlumat Hövzəsi isə müxtəlif dövlət qurumları arasında məlumat mübadiləsini daha sürətli və səmərəli edəcək.
Ümumilikdə, 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı Azərbaycanın rəqəmsal inkişafında yeni mərhələnin əsasını qoyur. Bu strategiyanın uğurlu icrası nəticəsində dövlət xidmətlərinin əlçatanlığının artması, vətəndaş məmnuniyyətinin yüksəlməsi, biznes mühitinin daha əlverişli olması, innovasiya əsaslı iqtisadiyyatın inkişafı və ölkənin rəqəmsal rəqabət qabiliyyətinin güclənməsi gözlənilir.
R. Əliyev
“AzPolitika.info”

Şərhlər