Menu

"Azərbaycanın təcrübələrini öyrənmək ABŞ üçün faydalı olardı" - Konsul

06.01.2015, 10:54
"Azərbaycanın təcrübələrini öyrənmək ABŞ üçün faydalı olardı" - Konsul

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, ABŞ Konqresinin nüfuzlu “Roll Call” qəzetinin 5 yanvar 2015-ci il tarixli sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc olunub.

“Dini tolerantlıq: təhlükəli dövrdə işləyə bilən modelin tapılması” başlıqlı məqalədə Azərbaycanın tarixi tolerantlıq ənənələrindən, hazırda ölkəmizdə müxtəlif dinlərin dinc şəraitdə birgə mövcudluğu üçün yaradılmış şəraitin bütün dünya dövlətləri üçün nümunə ola biləcəyindən bəhs edilir.

Müəllif ümumiyyətlə, hər hansı bir cəmiyyətdə sosial tolerantlığın bərqərar olmasında və tərəqqisində siyasi hakimiyyətin iradəsinin əvəzsiz olduğuna diqqət çəkir.

Diplomat yazır: “Bu uğurlu nümunədə ABŞ da maraqlı olmalıdır. Belə ki, dünyəvi, tolerant və inkluziv keyfiyyətlərə malik olan Azərbaycan böhranla üzləşən bölgə üçün həlledici önəm daşıyır. Regionda artan təhdidlərlə bağlı ABŞ Konqresində aparılan müzakirələr zamanı, Azərbaycan kimi dini azadlıqları təşviq edən və ekstremizmlə mübarizə aparan ölkələrin müsbət təcrübələrini öyrənmək faydalı olardı. Konqres Amerikanın tolerant və dünyəvi dostlarını dəstəkləməli və Azərbaycanın dinlərarası harmoniya modelini işlək nümunə kimi nəzərdən keçirərək, dünya ölkələrini bu modelin tətbiqinə səsləməlidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol