Rusiya hakimiyyəti Ukraynanın neft emalı zavodlarına zərbələri nəticəsində yaranan yanacaq böhranının miqyasını gizlədir. 

“AzPolitika” xəbər verir ki, belə bir bəyanatla Rusiya Dövlət Dumasının Ailə Müdafiəsi Komitəsinin rəhbəri Nina Ostanina çıxış edib.

Deputatın həyəcən təbilinə bərabər bəyanatı Rusiya mediasında ciddi müzakirələrə səbəb olub. Komitə sədri hökuməti gözlənilmədən sərt tənqid edib: "Niyə məsul baş nazirin müavini neft emalı zavodlarının təxminən üçdə birinin sıradan çıxdığını dürüst şəkikdə demir və niyə o, digər müvafiq baş nazir müavinləri və nazirlər bu məsələdə təcili tədbirlər görməyi planlaşdırmırlar?"

Ostanina qeyd edib ki, problemlərə bu cür məhəl qoymamaq və onları həll etməkdə tərəddüd etmək, xüsusən də məhsul yığımı ərəfəsində təhlükəlidir. "Axı, ölkə taxılsız qala bilər ki, bu da beynəlxalq sanksiyalar nəzərə alınmaqla ölümə bərabərdir", - Ostanina vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın cənub bölgələrində fermerlər dizel yanacağı çatışmazlığından və məhsul yığımı ərəfəsində qiymətlərin kəskin artmasından şikayətlənməyə başlayıblar. Ərzaq məhsulları istehsalçıları da öz növbəsində yanacaq çatışmazlığı səbəbindən çatdırılmadakı gecikmələr barədə pərakəndə satıcılara xəbərdarlıq ediblər. Məlumatlara görə, artıq bəzi bölgələrdə ət, süd və yumurta kimi tez xarab olan məhsulların çatışmazlığı müşahidə olunur.

Ukrayna Silahlı Qüvvələri təkcə may ayında 16 dəfə neft emalı zavodlarına hücum edib. Nəticədə, Mərkəzi Rusiyada neft emalı faktiki olaraq dayandırılıb və 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşüb.

“Reuters”-in məlumatına görə, Rusiyada benzin istehsalı iyun ayında 25% azalaraq gündə 85.000 tona enib. İstehlak isə yay aylarında gündəlik 110.000 tondur.

RBC-nin məlumatına görə, bu fonda Ukraynanın işğal olunmuş əraziləri də daxil olmaqla 40-dan çox region rəsmən yanacaq satışına məhdudiyyətlər tətbiq edib. 85 regionda təchizatda fasilələri, boş və bağlanmış yanacaqdoldurma məntəqələri, eləcə də digər problemlərlə bağlı şikayətlər var.

Yanacaq sektoruna nəzarət edən Baş nazirin müavini Aleksandr Novak isə bildirib ki, Rusiya kifayət qədər yanacağa malikdir və bu problemlər istehlakçıların aqressivliyindən qaynaqlanır: "Hazırda ehtiyacları ödəmək üçün sistemin logistika əlaqələrini yenidən qururuq. Bazarın balanslaşdırılması bir az vaxt aparacaq".

Vladimir Putin də Ukraynanın Rusiya infrastrukturuna hava hücumlarının "problemlər yaratdığını" və "müəyyən yanacaq çatışmazlığına" səbəb olduğunu etiraf edib. Eyni zamanda, o, "zədələnmiş bütün obyektlərin kifayət qədər tez bərpa olunduğunu" və "hər şeyin problemsiz işlədiyini" iddia edib.

Lakin real vəziyyət Putinin dediklərindən çox fərqlənir. Ucsuz-bucaqsız benzin növbələri, kənd təsərrüfatının yanacaq təminatının kəsilməsi və s. bunun göstəricisidir. Dumanın Komitə sədrinin də dediyi kimi, vəziyyət kifayət qədər ciddidir və Rusiya yalnız yanacaq böhranı yox, ərzaq, taxıl qıtlığı ilə də üzləşə bilər.

“AzPolitika.info”