London mərkəzli nüfuzlu Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) Kremlin Avropadakı strateji və hərbi obyektləri hədəf alan gizli kəşfiyyat əməliyyatları barədə sensasiyalı hesabat dərc edib.
Böyük Britaniyanın "The Guardian" qəzetinin manşetə daşıdığı hesabatda bildirilir ki, Rusiya xüsusi xidmət orqanları Avropanın göbəyində, demək olar ki, tamamilə cəzasızlıq mühitində genişmiqyaslı dron casusluğu həyata keçirib.
IISS analitiklərinin araşdırmasına görə, Kreml tərəfindən idarə olunan bu irimiqyaslı əməliyyat 1.5 il davam edib və birbaşa Böyük Britaniya, Fransa, Belçika və Niderlanddakı nüvə obyektlərini, hərbi bazaları hədəf alıb. Ekspertlər 2024-cü ilin sonundan etibarən Avropanın 10-dan çox ölkəsində baş vermiş 144 analoji insidenti təhlil edərək tükürpədici nəticələr ortaya qoyublar.
Hesabatın ən diqqətçəkən məqamı Rusiya kəşfiyyatının pilotsuz uçuş aparatlarını (PUA) haradan və necə qaldırması ilə bağlıdır. Təhlillər göstərir ki, kəşfiyyat dronları Avropa sularında hərəkət edən və Rusiyanın qeyri-qanuni neft ticarəti üçün istifadə etdiyi rəsmi qeydiyyatsız "kölgə donanması"na aid gəmilərdən buraxılıb.
Məsələn, 2024-cü ilin noyabrında İngiltərənin Qlosterşir qraflığındakı Kral Hərbi Hava Qüvvələrinin "Ferford" bazası və ABŞ-a məxsus daha iki hərbi aviasiya bazası üzərində alçaq hündürlükdə uçan naməlum dronlar qeydə alınıb. "The Guardian" yazır ki, həmin PUA-lar böyük ehtimalla Şimal dənizində, Essekss qraflığı sahillərində lövbər salmış "Seasons 1" tankeri və ya həmin vaxt Hall şəhərinin doklarına doğru hərəkət edən "Hav Dolphin" yük gəmisindən idarə olunub.
IISS ekspertləri vurğulayırlar ki, Rusiya dronları dəfələrlə strateji aviabazaların və aeroportların üzərində görünsə də, Qərb hərbçiləri onlardan heç birini nə ələ keçirə, nə də vura biliblər.
"Bu fakt NATO-nun hava hücumundan müdafiə sistemindəki strateji qüsuru üzə çıxarıb və problem artıq bütün Avropa paytaxtlarında qeyri-rəsmi şəkildə etiraf olunur", - deyə hesabatda qeyd edilir.
Britaniya Yayım Korporasiyasının (BBC) rus xidməti isə məsələnin digər tərəfinə işıq salır: Rusiya Avropada yalnız HHM sistemlərinin texniki zəifliyindən deyil, həm də Avropa ölkələrində daxili hava məkanında PUA-lara qarşı güc tətbiqini tənzimləyən hüquqi boşluqlardan və bürokratik qaydalardan məharətlə yararlanıb.
Son illərdə Qərb kəşfiyyatı Avropadakı strateji zavodlarda qəfil baş verən yanğınlarda, logistik mərkəzlərə və kritik infrastruktura qarşı fiziki hücumlarda Rusiyanın muzdlu agentlərinin izini tapdığını dəfələrlə bəyan edib. London İnstitutunun son hesabatı isə göstərir ki, Kreml təkcə yerdə deyil, həm də havada Avropanın strateji müdafiə xətlərini test edir.
Rəsmi Moskva isə gözlənildiyi kimi, bu ittihamları qəti şəkildə rədd edir və Qərbi növbəti "rusofobiya dalğası" yaratmaqda günahlandırır. Lakin IISS-in təqdim etdiyi 144 insidentin dəqiq xronologiyası Avropanın virtual və real sərhədlərinin nə dərəcədə təhdid altında olduğunu sübut edir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər