Suriyanın paytaxtı Dəməşqdə Ədliyyə Sarayı yaxınlığında baş vermiş partlayış qurbanlarının sayı doqquza çatıb.

"Report" xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyinin nümayəndəsi Vail Dağmaş bildirib.

"Terror aktı qurbanlarının sayı doqquza çatıb, 20-dən çox insan yaralanıb", - deyə o dəqiqləşdirib.

Daha əvvəl bildirilmişdi ki, Ədliyyə Sarayının yaxınlığında, Hicaz meydanındakı kafelərin birində bomba partladılıb. Suriya paytaxtının qubernatoru Mahir Mərvan İdlibinin sözlərinə görə, cinayətin təşkilatçıları bu yolla iyulun 6-da Dəməşqdə keçirilməsi planlaşdırılan Xalq Şurasının (Suriyanın yeni parlamenti - red.) qarşıdan gələn 1-ci iclasını nüfuzdan salmağa çalışıblar.