Ermənistanın siyasi kuluarlarında və cəmiyyətində geniş rezonans doğuran ciddi kadr və struktur dəyişiklikləri fonunda növbəti səs-küylü hadisə baş verib. Ölkə parlamentinin (Milli Assambleya) sədri Alen Simonyan yeni çağırış parlamentdə deputat mandatından imtina etdiyini və yaxın gələcəkdə heç bir siyasi vəzifə tutmaya biləcəyini rəsmən elan edib.

"AzPolitika" erməni mediasına istinadla xəbər verir ki, jurnalistlərə geniş müsahibə verən eks-spiker, bu qərarın pərdəarxası məqamlarına aydınlıq gətirib və Baş nazir Nikol Paşinyanla münasibətlərinə dair yayılan iddialara cavab verib.

"Bu bir cəza deyil, vəzifəmi təmiz üzlə başa vururam"

Alen Simonyan deputat mandatını götürməmək və aktiv siyasi proseslərdən müvəqqəti uzaqlaşmaq qərarı ilə bağlı cəmiyyətdə yaranan sualları cavablandırarkən, Baş nazirlə arasında hər hansı bir inciklik və ya dilə gətirilməyən pərdəarxası münaqişənin olmadığını və ola da bilməyəcəyini vurğulayıb:

"Bu bir cəza deyildi. Mən öz vəzifəmi kifayət qədər yaxşı yerinə yetirdim və bu mərhələni təmiz bir üzlə başa vururam. İndi qarşıda yeni bir dövr var. Yaşayarıq, gələcəkdə nə olacağını birlikdə görəcəyik. Yaxın gələcəkdə heç bir siyasi vəzifədə yer almamaq ehtimalını da qətiyyən istisna etmirəm".

"Paşinyanın məni rəqib görməsi çılğınlıqdır, mən onun kölgəsindəyəm"

Siyasi gələcəyinin qeyri-müəyyən olmasına baxmayaraq, Alen Simonyan Nikol Paşinyana olan mütləq sadiqliyini nümayiş etdirməyə davam edib. O, özünü Paşinyansız hər hansı bir siyasi prosesdə və ya komandada təsəvvür etmədiyini xüsusi qeyd edib.

Ermənistan mətbuatında Baş nazir Nikol Paşinyanın Simonyanı özünə güclü bir rəqib kimi gördüyü və bu səbəbdən onu komandadan və vəzifədən uzaqlaşdırdığı barədə yayılan iddialara toxunan spiker, bu cür yanaşmaları kəskin şəkildə pisləyib:

"Bu sözümə görə üzr istəyirəm, amma siz dəli olubsuz? Mənim heç bir siyasi ambisiyam yoxdur və heç vaxt da olmayıb. Mənim əsas siyasi prinsipim liderin ardınca getməkdir: mən hər zaman Nikol Paşinyanın yanında, ondan bir addım geridə olacağam. Paşinyanın mənə ehtiyacı duyulduğu hər an, sadəcə dönüb arxasına baxması kifayətdir, o məni dərhal orada görəcək".

Parlament əməkdaşları ilə vida görüşü və səmimi etiraflar

8-ci çağırış parlamentin fəaliyyəti rəsmən hələ tam yekunlaşmasa da, Alen Simonyan artıq qanunverici orqanın bütün departament, şöbə və bölmələrinin əməkdaşlarını şəxsən ziyarət edib. O, rəhbərliyi dövründə göstərdikləri birgə fəaliyyətə, operativ iş prinsiplərinə görə kollektivə dərin təşəkkürünü bildirib. Təxminən bir aydan sonra parlament binasını tamamilə tərk edəcəyini deyən Simonyan, spikerlik dövründə həyata keçirilən struktur islahatlarından və işçilər üçün yaradılan müasir şəraitdən qürur duyduğunu vurğulayıb.

Jurnalistlərin, "Vəzifədən ayrılan bir siyasətçi kimi, son 5 ildə etdiyiniz və 'keşke etməsəydim' dediyiniz ən böyük xətalarınız hansılardır və buradan gedəndən sonra ən çox nə üçün darıxacaqsınız?" sualına Simonyan belə cavab verib:

"Siyasi proseslərdə və qərarlarımda bəlkə də daha az duyğusal olmaq istərdim. Ən böyük xətam bu ola bilər. Darıxmağa gəlincə isə, mən burada olan hər şey üçün darıxacağam. Parlamentin həyətindəki o kafeni, siz jurnalistlərlə keçirdiyim hər bir brifinqi və bu qızğın atmosferi çox özləyəcəyəm".

Sonda qeyd olunur ki, Alen Simonyanın eks-spiker kimi xüsusilə vurğuladığı və "darıxacam" dediyi parlamentin açıq hava kafesi məhz onun rəhbərliyi dövründə inşa edilib. Ermənistanın araşdırmaçı jurnalistlərdən ibarət məşhur Hetq qəzetinin yaydığı məlumata görə, sözügedən müasir açıq hava kafesinin tikintisi üçün imzalanan rəsmi müqavilənin dəyəri 30 min dollar təşkil edib. Bu layihə vaxtilə parlament büdcəsinin xərclənməsi baxımından yerli mediada geniş müzakirələrə səbəb olmuşdu.

Rasim Əliyev

"AzPolitika.info"