Azərbaycanın rəqəmsal gələcəyə doğru apardığı institusional islahatların təməli bu ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən strateji müşavirədə qoyuldu. Dövlət siyasətinin vahid mərkəzdən və bir-biri ilə əlaqəli şəkildə idarə olunması üçün Rəqəmsal İnkişaf Şurası yaradıldı.
Bu çərçivədə, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Şuranın ilk tarixi iclasında xüsusi olaraq vurğulandı ki, süni intellektdən tutmuş startapların dəstəklənməsinə qədər qəbul edilən hər bir texnoloji qərar mütləq şəkildə Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə xidmət etməlidir.
Rəqəmsal transformasiyanın, yəni hər şeyin virtual müstəviyə keçməsinin ən riskli tərəfi təhlükəsizlikdir. Qlobal kiberhücumların və rəqəmsal təhdidlərin geosiyasi silaha çevrildiyi bir dövrdə, Azərbaycan dövlətin, biznesin və sıravi vətəndaşların virtual müdafiəsini təmin etmək üçün tamamilə yeni idarəetmə modelinə keçir.

Mövzu ilə bağlı “AzPolitika”ya fikirlərini bölüşən kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssis Nemət Nemətov bildirib ki, reallaşdırılan rəqəmsal transformasiya siyasətinin əsas strateji istiqamətlərindən birini məhz milli kibertəhlükəsizlik ekosisteminin davamlılığının təmin edilməsi təşkil edir.
Ekspert qeyd edib ki, hazırda dövlət, biznes mühiti və vətəndaş faktoru olmaqla, rəqəmsal mühitin bütün iştirakçılarını əhatə edən institusional və hüquqi islahatlar paketi masadadır.
Mütəxəssis Nemət Nemətovun təhlilinə əsasən, bu yeni strategiya bütövlükdə 5 əsas istiqaməti əhatə edir. Hüquqi müstəvidə görülən işlərin rəqəmsal mühitdə risklərin tənzimlənməsi üçün zəruri zəmin yaratdığını vurğulayan ekspert diqqətə çatdırıb ki, Azərbaycan qanunvericiliyində ilk dəfə olaraq kiberdayanıqlıq, kibergigiyena, kiberməkan və kibertəhlükəsizlik kimi müasir anlayışların hüquqi çərçivəsi və sərhədləri dəqiq müəyyən edilir. Bu, dövlətin rəqəmsal mühitdə hansı qaydalarla qorunacağını və risklərin necə idar olunacağını qanunla təsbit edir.
Nemət Nemətov idarəetmə strukturunun optimallaşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin fəaliyyətə başlamasını sahə üzrə koordinasiyanı gücləndirən əsas amil kimi qiymətləndirib.
Qeyd edək ki, bu Agentlik vahid bir beyin mərkəzi rolunu oynayacaq və onun çətiri altında üç mühüm qurum fəaliyyət göstərəcək:
-Milli təhlükəsizlik əməliyyatları mərkəzi (SOC): Təhdidlərin real vaxt rejimində daimi monitorinqi;
-Milli kiber insidentlərə qarşı mübarizə mərkəzi (CERT): Baş verən hücumlara operativ və anında reaksiya vermək;
-Rəqəmsal tədqiqat mərkəzi: Rəqəmsal sübutların araşdırılması və texnoloji analizlər üçün.

Kritik infrastrukturun zirehlənməsi
Banklar, sığorta şirkətləri, energetika və nəqliyyat sistemləri kimi dövlətin və cəmiyyətin həyatı üçün kritik əhəmiyyət kəsb edən bütün qurumlara sərt kibertəhlükəsizlik tələbləri qoyulur.
Ekspert bildirib ki, yeni yanaşmaya görə, bu strateji obyektlərin hər birində xüsusi CERT və SOC funksiyaları yaradılacaq və hər hansı kiberinsident baş verən kimi dərhal Milli CERT-ə məlumat verilməsi artıq hüquqi bir öhdəlik olacaq. Belə bir qarşılıqlı əlaqə ümumi infrastrukturun müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.
Müasir kibermüdafiə sistemlərində süni intellekt texnologiyalarının tətbiqinin əhəmiyyətinə toxunan Nemət Nemətov qeyd edib ki, təhdidləri hələ qarşı tərəf düyməyə basmamışdan əvvəl, qabaqlayıcı instinktlə aşkarlamaq üçün bu texnologiyalardan istifadə ediləcək. Dövlət qurumları və özəl sektor arasında real vaxt rejimində məlumat mübadiləsini təmin edən vahid milli platforma yaradılır. Eyni zamanda, dövlətin bütün data bazası təhlükəsizliyin ən yüksək səviyyədə qorunduğu Hökumət Buludu (G-Cloud) sisteminə köçürülür.
Vurğulayaq ki, sistem nə qədər mükəmməl olursa-olsun, təhlükəsizliyin ən zəif həlqəsi insandır. Digər tərəfdən, rəqəmsal transformasiya mühitində kiberdayanıqlılığın təmin edilməsi insan kapitalının inkişafından asılıdır. Mütəxəssis bu məqsədlə ali və peşə təhsili müəssisələrində beynəlxalq kibertəhlükəsizlik sertifikatlaşdırma proqramlarının tətbiq olunacağını bildirib. Paralel olaraq, əhalinin internetdən təhlükəsiz istifadə qaydalarını, yəni kibergigiyenanı öyrənməsi üçün geniş maarifləndirmə dalğası başladılır.
Nemət Nemətov sonda bildirib ki, Azərbaycanın atdığı bu böyük texnoloji və hüquqi addımlar, beynəlxalq reytinqlərdə ölkənin kibertəhlükəsizlik göstəricilərini yuxarı daşımaqla yanaşı, həm də daxili sabitliyin virtual təminatıdır. “Avropa İttifaqı ilə aparılan Hərtərəfli Əməkdaşlıq Müqaviləsi müzakirələrində Bakının rəqəmsal qanunvericilik və kibermüdafiə sahəsində artıq öz daxili milli modelini və sərt qalxanını formalaşdırmış bir tərəfdaş kimi masa arxasında oturması, Azərbaycanın bu qlobal prosesdə şərt diktə edən tərəfə çevrilməsini şərtləndirir. Rəqəmsal dünya sürətlə qurulur və Bakı bu dünyada öz suveren sərhədlərini çox möhkəm cızır”, - o qeyd edib.
Rasim Əliyev
AzPolitika.info

Şərhlər