Salman Rüşdinin 1989-cu ildə çapdan çıxmış “Şeytan ayələri” kitabı İslam dünyasından böyük təpkilər almışdı. 1989-cu ilin fevral ayının 14-də o zaman İranın Ali dini rəhbəri Ayətullah Ruhulla Xomeyni kitabı İslama qarşı küfr adlandıraraq, onun müəllifi və kitabı nəşr edən bütün şəxslərin qətlinə çağıran fətva vermişdir.
Salman Rüşdi ona ölüm fətvası verilən zaman uzun müddət gizlənib və fikirləşib ki, artıq sonu çatıb: “Gizli yaşamağa məhkum olduğumdan hər şeydən məhrum idim. Ürəyim istədiyi şeyi dilimə gətirə bilmirdim. Amma üstündən 20 ildən artıq vaxt keçdiyinə görə mən artıq nə istəyirəm deyə bilirəm. Bu fətva artıq unudulmuşdur”.
2022-ci ilin avqust ayının 12-də hind əsilli məşhur Britaniya yazıçısı Salman Rüşdi Nyu-Yorkda bıçaqlı hücuma məruz qaldı. Nyu-Cersi ştatının 24 yaşlı sakini Hadi Matar səhnəyə qaçaraq Rüşdi və ondan müsahibə alan müxbirə hücum etdi və yazıçıya 10-15 bıçaq zərbəsi endirdi.
2001-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Trinidad yazıçısı Vidyadhar Naypol «İnananlar arasında» romanında İrandan və Pakistandan tutmuş İndoneziya və Malayziyaya qədər bütün İslam dünyasını islam fundamentalizmində günahlandırmış, bəşər sivilizasiyasına yüksək mənəvi və əxlaqi dəyərləri ilə daxil olan islam dinini «yarıtmaz» adlandırmışdı. O, qeyd edirdi ki, «dəyişməz və geridə qalmış islam cəmiyyəti» yeni dövrlə ayaqlaşmaq niyyətində deyil. Yazıçı Nobel mükafatına layiq görüldükdən sonra İslama münasibətinə görə Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatı Nobel komitəsinə məktub göndərərək ona verilən mükafatın geri alınmasını xahiş etmişdir. Məktubda qeyd edilirdi ki, Naypola belə bir nüfuzlu mükafatın verilməsi «İslama qarşı fitnəkarlıqdır». Lakin mükafatın geri alınmasının mexanizmi olmadığına görə Trinidad yazıçısı mükafatdan məhrum edilə bilməzdi.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun 2005-ci ilin fevral ayında İsveçrənin «Das maqazin» jurnalına verdiyi müsahibəsindən: «Türkiyədə bir milyon erməni və üç yüz min kürd öldürülmüşdür. Bu haqda heç kim danışmır və mənə bu haqda danışmağa görə nifrət edirlər».
Bu sözlərinə görə yazıçı məhkəməyə verildi. Məhkəmə prosesi 2005-ci il dekabrın 16-da başlamalı idi, lakin 2006-cı il fevral ayının 7-nə kimi təxirə salındı. Pamuka qarşı sürülən ittihamlar xaricdə coşqun reaksiya doğurdu. Bu proses ilk növbədə Türkiyədə söz azadlığına əməl olunmaması məsələsini ortaya qoydu. Guya, bu faktor Türkiyənin Avropa Birliyinə daxil olmasının mümkünlüyü işığında xüsusi əhəmiyyət kəsb edirmiş. 2005-ci il dekabr ayının 1-də hüquq müdafiəsi təşkilatı «Beynəlxalq amnistiya» türk cinayət məcəlləsinin 301-ci maddəsini dəyişdirməyi (bu maddə Türkiyəni təhqir etmək üstündə üç ilə qədər həbs cəzası nəzərdə tutur) və Pamukla yanaşı bu maddə ilə ittiham olunan daha altı nəfəri azad etməyi tələb etdi. Dekabrın 13-də isə səkkiz nəfər dünya şöhrətli yazıçı - Joze Saramaqo, Qarsiya Markes, Günter Qrass, Umberto Eko, Karlos Fuentes, Xuan Qoytisolo, Con Apdayk və Varqas Lyosa Pamuku dəstəkləyən bəyanatla çıxış etdilər. 2006-cı il yanvarın 24-də İstanbul məhkəməsi məşhur türk yazıçısının üzərində məhkəmə prosesinin bağlanması ilə əlaqədar qərar qəbul etdi.
“Daş yuxular”
Qafqaz müsəlmanlarının şeyxülislamı Allahşükür Paşazadə 2012-ci ilin dekabr ayında “Drujba narodov” jurnalında dərc olunmuş “Daş yuxular” roman-rekviyeminin məzmunu ilə tanış olduqdan sonra əsərin müəllifinə qarşı ictimaiyyətin haqlı narazılığına qoşularaq yazıçı Əkrəm Əylislini “mürtəd” adlandırmışdır...
Yazırlar ki, Ə.Əylisliyə erməni fondları yüzminlərlə mükafat verib. “Daş yuxular” cızmaqarasını da 80 dilə tərcümə ediblər. Nəşrlərdən aldığı qonorarın 10%nin erməni qaçqınlarına yardım fonduna köçürülməsi də iddia olunur. Və nəşriyyatla müqaviləyə istinad edilir.
Yazıçı Əkrəm Əylisli "Daş yuxular" povestindən sonra Azərbaycanda bütün fəxri adlardan və təqaüdlərdən məhrum edilib. O, "Xalq yazıçısı" fəxri adından, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum olunub və Azərbaycan Yazıçılar Birliyindən xaric edilib.
Yazıçı Əkrəm Əylisli Avropa Yenidənqurma və İnkişaf Bankının təsis etdiyi Ədəbiyyat mükafatına layiq görülüb. Mükafatın pul məbləği 20. 000 avrodur. Mükafat ona “Adamlar və ağaclar” trilogiyasına görə verilib. Əkrəm Əylislinin sovet dövründə yazdığı trilogiya indilərdə ingilis dilinə tərcümə olunub və dərhal bu nüfuzlu mükafata layiq görülüb...

Şərhlər