Qərb hərbi analitikləri xəbərdarlıq edir: Avropa ölkələri yaxın gələcəkdə ABŞ-ın hərbi dəstəyinə əvvəlki həcmdə tam güvənə bilməyəcəklərini dərk edərək, Rusiyaya qarşı müdafiə strategiyasını təkbaşına qurmağa başlayıblar.

"AzPolitika" bildirir ki, dünyanın ən nüfuzlu analitik nəşrlərindən olan “The Economist” Şərqi Avropanın təhlükəsizlik arxitekturasında baş verən köklü dəyişikliklərdən bəhs edən geniş məqalə dərc edib. Məqalədə qeyd olunur ki, NATO-nun avropalı üzvləri yaxın gələcəkdə ABŞ-nin qitədəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə azaldacağı ssenariyə qarşı hazırlıqları maksimum dərəcədə aktivləşdiriblər. Rəsmi Vaşinqtonun strateji diqqətini Hind-Sakit okean regionuna – Çinlə qlobal rəqabətə yönəltməsi Avropa paytaxtlarını öz müdafiələrini yenidən nəzərdən keçirməyə məcbur edir.

Analitik materialda Avropanın öz təhlükəsizliyi üçün daha böyük məsuliyyət götürməyə başlamasının əsas rəmzi kimi Almaniyanın son addımı göstərilir. İkinci Dünya müharibəsindən bəri ilk dəfə olaraq rəsmi Berlin öz qoşunlarını ölkə hüdudlarından kənarda daimi statusda yerləşdirməyə qərar verib. Bu çərçivədə Almaniya Silahlı Qüvvələrinin (Bundesver) ağır zirehli tank briqadası Litvada daimi əsaslarla yerləşdirilir. Müdafiə ekspertləri bunu alyans daxilində Avropa cinahının müstəqilləşməsi yolunda tarixi presedent hesab edirlər.

“The Economist” yazır ki, Rusiya tərəfindən gələcək potensial təhdidlərin və mümkün hərbi eskalasiyaların qarşısının alınması üçün NATO daxilində intensiv müzakirələr aparılır. Alyans hazırda aşağıdakı əsas istiqamətlərdə operativ tədbirlər həyata keçirir:

Baltikyanı ölkələr və Polşa sərhədlərində hərbi kontingentin keyfiyyət və kəmiyyət baxımından artırılması;

Böhran anında hərbi qüvvələrin operativ şəkildə birbaşa döyüş meydanına çatdırılması mexanizminin qurulması;

Avropa daxilində qoşunların hərəkətliliyini təmin etmək üçün nəqliyyat və təchizat qovşaqlarının təkmilləşdirilməsi;

Olası münaqişə zonalarına yaxın ərazilərdə irimiqyaslı sursat və hərbi texnika ehtiyatlarının yaradılması.

Məqalənin sonunda vurğulanır ki, Avropa ölkələri artıq ABŞ-ın hərbi və maliyyə çətirinə əvvəlki kimi arxayın ola bilməyəcəklərini qəbul ediblər. Lakin hazırda alyansın qarşısında fundamental və hələ ki cavabsız qalan bir sual dayanır: Vaşinqton Avropa təhlükəsizliyindəki aparıcı rolunu tədricən azaltdığı bir şəraitdə, parçalanmış və hərbi sənayesi tam bərpa olunmamış Avropa ölkələri Rusiyaya qarşı etibarlı və uzunmüddətli çəkindirmə mexanizmini təkbaşına təmin edə biləcəkmi?

Ekspertlərə görə, yaxın illərdə Avropanın daxili müdafiə xərclərinin kəskin artması və NATO daxilində "Avropa nüvəsi"nin formalaşması qaçılmaz olacaq.

Rasim

"AzPolitika.info"