İranın mərhum Ali Lideri Əli Xameneinin üç oğlu - Mostafa, Məsud və Meysəm bu gün atalarının dəfn mərasimində iştirak ediblər.
“AzPolitika” xəbər verir ki, bu barədə sosial mediada məlumat və görüntülər yayımlanıb.
Xameneinin oğulları atalarının cənazəsi üzərində dua ediblər. Bununla onlar fevral ayından bəri ilk dəfədir ki, ictimaiyyət qarşısına çıxırlar. Xameneinin digər oğlu, atasının ölümündən sonra İranın üçüncü Ali Lideri olan Müctəba Xamenei dəfn mərasimində iştirak etməyib.
Əli Xamenei üçün dəfn mərasimi Tehranın ən böyük dini və mədəni kompleksi olan Böyük Mosallada keçirilib. Mərasimə Ayətullah Cəfər Sobhani rəhbərlik edib.

Mərasimdə eləcə də İran Prezidenti Məsud Pezeşkian, Parlament sədri Məhəmməd Bağır Qalibaf, İslam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH) rəisi general Əhməd Vəhidi, Qüds Qüvvələri komandanı Esmail Qaani və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
Bu mərasim Xameneinin vəfatından bəri ən böyük yas mərasimi olub. Təxminən 20 milyon insanın iştirak etdiyi bildirilir.
Qeyd edək ki, ötən gün “The New York Times” öz mənbələrinə istinadla Müctəba Xameneinin atasının dəfn mərasiminə qatılmaq istədiyini, lakin SEPAH-ın və İranın rəhbər şəxslərinin bunun əleyhinə olduğunu yazmışdı. Belə ki, İran rəhbərliyi bunun İsrailin mümkün hücumu səbəbindən hazırkı Ali Lider üçün təhlükəli olduğu qənaətindədir.
“AzPolitika.info”

Şərhlər