Ermənistanın yeni konstitusiyasının qəbulu hakim "Vətəndaş müqaviləsi" Partiyasının gündəmində qalır.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə əlaqədar xalqa müraciətində bildirib.

O, ölkə konstitusiyasının zamanın çağırışlarına uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb. Paşinyanın sözlərinə görə, Ermənistan müstəqillik əldə etdiyi andan qanunun aliliyi ilə xalqın iradəsi arasındakı üzvi əlaqə pozulub, buna görə də dövlət vətəndaşların təhlükəsizliyinin və azadlığının təmin edilməsi aləti kimi qəbul olunmayıb.

"Konstitusiyanın əsas əhəmiyyəti təkcə ölkədə hüquq qaydasının, konstitusiya quruluşunun bərqərar edilməsində deyil, həm də bu quruluşun dövlətin qurucusu, suverenlə, yəni xalqla genetik, üzvi əlaqəsinin təmin edilməsindədir", - o bildirib.

Baş nazir qeyd edib ki, icraedici hakimiyyət və hakim çoxluq 2024-cü ildən həyata keçirilən və 7 iyun 2026-cı il tarixində parlamentə keçirilən növbəti seçkilərdə xalqın dəstəyini qazanmış siyasətin köməyi ilə bu vəziyyətin düzəldilməsi üzərində fəal işləyir.