İranın Ali Rəhbəri Əli Xameneinin vəfatından sonra ölkənin siyasi elitası arasında yaranan açıq qarşıdurma, hakimiyyət daxilindəki daha dərin parçalanmanın göstəricisidir.
"AzPolitika" xəbər verir ki, bu iddia ilə ABŞ-nin "The New York Times" (NYT) qəzeti çıxış edib.
Nəşrin məlumatına görə, müxtəlif siyasi qruplar yeni Ali Rəhbər Müctəba Xamenei üzərində təsir imkanları qazanmaq üçün "amansız mübarizə" aparırlar. Əvvəllər İrandakı əsas qarşıdurma mühafizəkarlar və islahatçılar arasında idisə, hazırda parçalanma birbaşa mühafizəkar düşərgənin daxilində baş verir.
NYT-nin mənbələri iddia edir ki, hazırda İranda daha praqmatik qruplaşma üstünlüyü ələ keçirib. Bu qrupa SEPAH-ın yüksəkrütbəli komandirləri, Parlament sədri Məhəmməd Baqir Qalibaf, Prezident Məsud Pezeşkian, Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zolqədr daxildir.
Məlumata görə, məhz bu qrup atəşkəsə nail olunmasını və ABŞ ilə danışıqların başlanmasını təmin edib. Radikal xətt tərəfdarları isə Vaşinqtona qarşı hər hansı bir güzəştə getməyin qəti əleyhinədirlər.
"The New York Times" həmçinin yazır ki, yeni Ali Rəhbər Müctəba Xamenei İsrailin mümkün hava zərbəsindən ehtiyat etdiyi üçün atasının Tehrandakı dəfn mərasiminə qatılmayıb.
Mənbələrin bildirdiyinə görə, Müctəba Xamenei aldığı xəsarətlərdən (yaralanmalardan) sonra ictimaiyyət arasında demək olar ki, görünmür. Onun ortalıqda olmaması isə ölkənin yeni rəhbərliyi ətrafındakı qeyri-müəyyənliyi və gərginliyi daha da artırır.
Digər bir ABŞ nəşri - "The Washington Post" (WP) isə diqqəti fərqli bir məqama çəkir. Qəzet yazır ki, Əli Xameneinin ölümü İran rəhbərliyini zəiflətməyib, əksinə, güc strukturlarının, xüsusilə də SEPAH-ın təsirinin daha da artmasına səbəb olub.
Nəşrin təhlilinə görə, ölkədəki mülki siyasətçilər, o cümlədən prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Araqçı artıq tamamilə arxa plana keçiblər və proseslərə nəzarəti generallar ordusu əldə edib.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər