Məlum olduğu kimi, ötən gecə dünya çempionatının 1/8 final mərhələsi futbol tarixinin ən böyük sensasiyalarından birinə şahidlik edib.
Dünya kubokunun beşqat çempionu Braziliya Norveçə 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşdı. Norveç 28 ildən sonra qatıldığı dünya çempionatında tarixinin ən böyük uğurunu qazanaraq ilk dəfə mundialın 1/4 finalına yüksəldi. Bu uğurun memarı isə komandanın kapitanlarından biri və əsas hücum silahı olan Erlinq Haaland idi. O, Braziliya müdafiəsinin bütün cəhdlərinə baxmayaraq iki dəfə fərqlənərək komandasını növbəti mərhələyə daşıdı. Haaland hesabı 79-cu dəqiqədə baş zərbəsi ilə açıb. Norveçli hücumçu 90-cı dəqiqədə daha bir dəfə fərqlənərək komandasının üstünlüyünü möhkəmləndirib. Bu dubldan sonra Haaland turnirdəki qol sayını 7-yə çatdıraraq bombardirlər siyahısında Lionel Messi və Kilian Mbappe ilə eyni göstəriciyə yüksəlib.
Maraqlıdır ki, Erlinq Haaland vurduğu hər iki qoldan sonra emosiyalarını cilovlayıb. Norveçli hücumçu xüsusi sevinc nümayiş etdirməyərək sakit davranışı ilə diqqət çəkib. O, qollarını komanda yoldaşları ilə qısa şəkildə qeyd etdikdən sonra dərhal oyuna köklənib.
Braziliyanın yeganə qolunu isə əlavə olunmuş vaxtda penaltidən Neymar vurub.
Final fitindən sonra norveçli futbolçular qələbəni ənənəvi "Vikinq avarı" sevinci ilə qeyd ediblər.
Qarşılaşmadan sonra emosiyalarını gizlətməyən Erlinq Haaland bu qələbəni ölkə futbolunun tarixində misilsiz hadisə adlandırıb.
"Bu, Norveç futbol tarixinin ən böyük qələbəsidir. Əvvəl Fil Dişi Sahilini məğlub etdik, indi isə Braziliyanı. Bununla inanılmaz dərəcədə fəxr edirik. Bu uğurun təkcə hazırkı nəsil üçün deyil, gələcək norveçli futbolçular üçün də böyük motivasiya olacağına inanıram. Ümid edirəm ki, bugünkü qələbə ölkəmizin gənclərinə ilham verəcək. Bu, çılğın, amma möhtəşəm qələbə idi. İstəyirəm ki, hər bir norveçli bu anın sevincini yaşasın",-deyə norveçli bildirib.
Haalandın sözlərinə görə, komanda Braziliya ilə oyunda topa daha az sahib olacağını və çoxlu qol imkanı qazanmayacağını əvvəlcədən bilirdi: "Bilirdik ki, Braziliyaya qarşı hər fürsətin qiyməti çox böyük olacaq. Səbirlə gözlədim və yaranan imkanlardan maksimum istifadə etdim"
Qeyd edək ki qələbənin əsas siması Haaland olsa da, Norveç bu uğuru mükəmməl komanda oyunu hesabına qazandı. Məsəən, komandanın kapitanı Martin Odeqor hücumların qurulmasında əsas fiqur idi. Cinahlarda Antonio Nusa sürəti və fərdi keyfiyyəti ilə Braziliya müdafiəsini daim təzyiq altında saxladı. Aleksandr Sörlot isə fiziki mübarizələrdə qalib gələrək Haaland üçün boş zonalar yaratdı və rəqib müdafiəçilərin diqqətini öz üzərinə çəkdi. Qələbədə qapıçı Oryan Nylandın da böyük payı olub. O, matçın 14-cü dəqiqəsində Bruno Gimarayeşin penalti zərbəsini dəf edərək komandasını qoldan xilas edib.
Qeyd edək ki, Norveç qarşısındakı məğlubiyyət Braziliya futbol tarixində bir neçə mənfi rekordla yadda qalıb.

"Sambaçılar" 36 ildən sonra ilk dəfə dünya çempionatının 1/8 final mərhələsində mübarizəni dayandırdılar. Onlar sonuncu dəfə 1990-cı ildə Argentinaya məğlub olaraq bu mərhələni keçə bilməmişdilər.
Bundan başqa, Braziliya artıq Norveçə qarşı keçirdiyi beş oyunda da qələbə qazana bilməyib. İki komanda arasında baş tutan görüşlərdə Norveç üç qələbə qazanıb, iki oyun isə heç-heçə yekunlaşıb. Beləliklə, Braziliyanın tarixində qarşılaşdığı 91 milli komanda arasında qalib gələ bilmədiyi yeganə rəqib məhz Norveç olaraq qalıb.
Qeyd edək ki, Braziliya futbolçuları, o cümlədən Neymar isə göz yaşlarını saxlaya bilməyiblər. Məğlubiyyətdən sonra Neymar Braziliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Tarixi qələbədən sonra Norveç dünya çempionatının 1/4 finalında İngiltərə ilə qarşılaşacaq. Haaland və komanda yoldaşları artıq turnirin ən böyük sensasiyalarından birinə imza atıblar. İndi isə Skandinaviya təmsilçisi növbəti tarixi uğuru qazanaraq yarımfinala yüksəlmək arzusundadır.
"AzPolitika.info"

Şərhlər