Rusiya Prezident Administrasiyası (PA) media orqanlarından Ukraynanın Rusiyaya hücumlarının nəticələrini işıqlandırmağı dayandırmağı tələb edib. Bu əmr Kremldən iyunun ikinci yarısında gəlib.

“AzPolitika” xəbər verirki, bu barədə "Verstka" nəşri hökumətyönlü mediadakı üç mənbəyə istinadla məlumat yayıb.

Mənbələrdən biri nəşrə bildirib ki, "Onlar bizdən Ukraynanın ərazimizə hücumlarının nəticələrinin video və foto görüntülərini dərc etməyi dayandırmağımızı, Rusiyanın hücumlarının nəticələrini daha çox göstərməyimizi tələb ediblər".

Başqa bir mənbə qeyd edib ki, Kreml Ukrayna hücumlarının nəticələrinin "hər tərəfdən və hər zövqə uyğun" geniş yayımından narazılığını bildirib.

Bunun ardınca PA və ya Müdafiə Nazirliyi ilə əməkdaşlıq edən bir sıra əsas Telegram kanalları, o cümlədən "Mash", "Baza" və "Shot", hücumların işıqlandırılmasını kəskin şəkildə azaldıb və ya onları tamamilə dayandırıblar. Xüsusilə, onlar Nijni Novqorod vilayətindəki Slavyansk və Kstovo neft emalı zavodlarına, eləcə də Penzadakı müdafiə zavoduna edilən hücumları demək olar ki, işıqlandırmayıblar. Bundan əlavə, bəzi kanallar Moskvaya edilən hücumların nəticələrinin daha əvvəl dərc olunmuş foto və videolarını siliblər.

Mənbə qeyd edib ki, bir çox bölgələrdə oxşar media məhdudiyyətləri uzun müddətdir mövcuddur və onları pozmaq inzibati cəzalarla nəticələnir. O əlavə edib ki, Vladimir Putinin yaxın çevrəsində bu cür videoların yayılmasına görə uzunmüddətli həbs cəzası tələb edən "qırğılar" olsa da, Prezident Administrasiyasındakı rəhbərləri "bu qədər uzağa getmək istəmirlər".

“AzPolitika.info”