NATO-ya üzv ölkələr Soyuq müharibə dövründən qalan hərbi yanacaq boru kəmərləri şəbəkəsinin Şərqi Avropa və Türkiyəyə qədər genişləndirilməsinə dair razılaşma əldə etməyə çox yaxındırlar.
AzPolitika.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, bu nəhəng layihə artıq bir neçə ildir ki, Alyans daxilində müzakirə olunur. Hazırda mövcud olan strateji hərbi boru kəmərləri sistemi yalnız Qərbi Avropa ölkələrindəki hərbi bazaları bir-biri ilə birləşdirir və hər hansı böhran və ya silahlı münaqişə baş verəcəyi təqdirdə qoşunların fasiləsiz yanacaqla təmin edilməsi üçün nəzərdə tutulub.
"Bloomberg" qeyd edir ki, şəbəkənin genişləndirilməsi zərurəti NATO-nun şərq sərhədlərində baş verə biləcək irimiqyaslı hərbi əməliyyatlarla bağlıdır. Alyans rəhbərliyi ehtiyat edir ki, mövcud infrastruktur mümkün müharibə zamanı ordunun tələbatını ödəməyə kifayət etməyəcək. Hazırda hərbi blokun şərq cinahında yerləşən bir çox ölkələr yanacaq tədarükündə tamamilə avtomobil və dəmir yolu daşımalarından asılıdır. Bu nəqliyyat növləri isə potensial hücumlar və həddindən artıq yüklənmələr qarşısında olduqca həssas və müdafiəsiz hesab olunur.
Agentliyin həmsöhbətlərindən birinin verdiyi məlumata görə, bu nəhəng layihənin ümumi dəyəri təxminən 30 milyard dollar təşkil edə bilər. Bu isə sözügedən layihəni hərbi ittifaqın tarixindəki ən böyük infrastruktur investisiyasına çevirəcək.
Rasim
“AzPolitika.info”

Şərhlər