Rusiya Krımın yanacaqla təminatında ciddi çətinliklər yaşamaqda davam edir. Bir tərəfdən də elektrik təminatında problemlər yaranan yarımada hazırda ən kəskin yanacaq böhranı yaşayan ərazi sayılır. Rusiyanın Krıma yanacaq tədarükü qurmaq cəhdləri isə Ukrayna qüvvələri tərəfindən sərt şəkildə alınır.
Bu arada Rusiya Krıma və cəbhə bölgələrinə yanacaq çatdırmaq üçün yeni “üsullara” əl atmağa başlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyə danışan Ukrayna hərbi dron operatorları Rusiya ordusunun yanacağı və digər yükləri qorumaq üçün istifadə etdiyi taktikalar barədə məlumat veriblər: "Biz su sisternalarını vurduq, onlar isə içində benzin olduğuna görə alovlandı. Süd sisternalarını vurduqda isə bu maşınlarda süd adı ilə dizel daşındığı məlum oldu”.
Ukrayna komandirlərinin sözlərinə görə, Rusiya qoşunları indi pulemyotlarla təchiz olunmuş pikaplarda kiçik avtosisternlər quraşdırırlar və daha az işlək yollarla cəbhəyə, yaxud Krıma çatmağa çalışırlar.
Bundan əlavə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi “Reuters”-ə bildirib ki, cəbhəyə və Krıma yanacaq, eləcə də sursat və ləvazimat daşımaq üçün kiçik mülki avtomobillərdən, hətta motosikletlərdən istifadə olunur. Yüklər tərk edilmiş binalarda və kənd təsərrüfatı tikililərində gizlədilir, mülki yanacaqdoldurma məntəqələri isə hərbçilər üçün yanacaq saxlamaqdan ötrü istifadə olunur.
Bir neçə aydır ki, Ukrayna Silahlı Qüvvələri cəbhə xəttinin arxasında 200-300 km-ə qədər məsafədə fəaliyyət göstərən orta mənzilli dronlarla Rusiyanın təchizat yollarına zərbələr endirir. Bu dronlar Krıma gedən "quru körpüsünü" uğurla kəsib və bu da yarımadada böyük yanacaq çatışmazlığına səbəb olub.
Hazırda Krımdakı yanacaqdoldurma məntəqələrinə hər müştəriyə 20 litrdən çox benzin satmaq qadağandır, Sevastopolda isə benzin demək olar ki, yoxdur. Bütövlükdə yarımadada və Sevastopolda benzinin orta qiyməti təxminən 200 rubl təşkil edir.
“AzPolitika.info”

Şərhlər