"Qarabağ"ın məqsədi güclü komanda formalaşdırmaq və uğurlu nəticələrlə azarkeşlərinin etimadını doğrultmaqdır.

Bunu "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov İslandiyanın "Vestri" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis hazırda komandada uyğunlaşma prosesinin davam etdiyini bildirib: "Mövsümə yeni başlamışıq və heyətdə müəyyən yeniliklər olduğu üçün uyğunlaşma prosesi davam edir. Hazırda bəzi çatışmayan məqamlar mövcuddur, lakin komandanın hazırlıq səviyyəsi bizi qane edir. İnanırıq ki, qarşıdakı dövrdə bütün çatışmazlıqları aradan qaldıracağıq. Məqsədimiz güclü komanda formalaşdırmaq və uğurlu nəticələrlə azarkeşlərimizin etimadını doğrultmaqdır".

O, komandanın futbolçusu Kamilo Duranın Şotlandiya təmsilçisi "Seltik"in düşərgəsində olduğunu və bir müddət əvvəl cəzalanan Elvin Cəfərquliyevin Ağdam təmsilçisinin heyətində meydana çıxa biləcəyini təsdiqləyib: "Kamilo Duran hazırda "Seltik"in düşərgəsində yer alıb. İşlər qaydasında gedərsə, Kamilo Duran "Qarabağ"dan ayrılacaq. Elvin Cəfərquliyevə gəldikdə, o, meydana çıxa bilər. Lakin onu görüşün əvvəlində, yaxud axırında meydanda görə biləcəyimizi deyə bilmərəm".

Xatırladaq ki, "Qarabağ" - "Vestri" matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.