Moskva 2024-cü ilin iyun ayında Vladimir Putinin müəyyən etdiyi məqsədlərə çatana qədər Ukraynaya qarşı müharibəni davam etdirəcək.

“AzPolitika” xəbər verir ki, belə bir bəyanatla Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çıxış edib. Rusiya medasında yayılan məlumata görə, Lavrov bunu Mozambik XİN başçısı ilə görüşdən sonrakı mətbuat konfransında deyib.

Qeyd edək ki, Lavrovun barəsində bəhs etdiyi bəyanatında Putin Kiyevdən faktiki kapitulyasiya tələb etmişdi. 

"Prezident açıq şəkildə təsdiqlədi ki, biz 2024-cü ilin iyun ayında Vladimir Putinin Xarici İşlər Nazirliyindəki çıxışı zamanı müəyyən etdiyi məqsədlərə çatmaq işini davam etdirəcəyik", - deyə Lavrov əlavə edib.

Lavrovun qeyd etdiyi 2024-cü il çıxışında Putin Ukrayna qoşunlarının Rusiyanın işğal edə bilmədiyi Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bütün ərazisindən çıxarılmasını, bu bölgələrin və Krımın Rusiya əraziləri kimi tanınmasını, Ukraynanın NATO-ya qoşulmaqdan imtina etməsini, Ukraynanın "demilitarizasiyasını" və "denasifikasiyasını" tələb etmişdi. Putin iddia edib ki, bu şərtlər yerinə yetirildikdən sonra "dərhal" atəşkəs əmri verəcək.

Lavrov həmçinin, Qərb ölkələrini "danışıqlara hazır olmağı simulyasiya etməklə" yanaşı, Rusiyaya açıq ultimatumlar verməkdə günahlandırıb. O, iddia edib ki, əvvəllər əldə edilmiş bütün razılaşmalar - 2014, 2015, 2019 və hətta 2022-ci illərdə - Qərbin özü tərəfindən pozulub və nəticədə Moskvanın "xoş niyyət və ümid ehtiyatı tamamilə tükənib". Nazir vurğulayıb ki, Rusiya artıq Qərbin zəmanətlərinə etibar etməyəcək.

Xatırladaq ki, 2024-cü ilin iyun ayında Putin Ukraynanın təslim olması ilə yanaşı, Rusiyaya qarşı bütün Qərb sanksiyalarının ləğvini də tələb etmişdi. O hətta hədələmişdi ki, Kiyev və Qərb bu şərtləri rədd edərsə, "yerdəki reallıqlar dəyişəcək və danışıqlar üçün şərtlər fərqli olacaq". Yəni, Rusiya daha da irəli gedəcək və tələblərini artıracaq.

Göründüyü kimi, ötən dövr ərzində reallıqlar doğrudan da dəyişib. Rusiya hazırda Ukraynanın neft email zavodlarına az qala hər gün endrdiyi zərbələrlə, yanacaq böhranı və kilometrlərlə uzanan növbələrlə, Krımın Rusiyadan təcrid olunması ilə və digər problemlərlə üz-üzədir. Putinin tələb etdiyi əraziləri isə ordu işğal edə bilir. Onun Donbasdakı gündəlik irəliləyişi böyük itkilər qarşılığında cəmi 50-60 metrdir…

C.Məmmədli

“AzPolitika.info”