Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Rusiyanın Rostov vilayəti və Krasnodar diyarına kütləvi zərbələr endirib. Hücumlar nəticəsində Rusiyanın bir neçə mühüm neft və liman infrastrukturu obyekti alova bürünüb, ərazidə fövqəladə vəziyyət elan olunub.

 “AzPolitika” xəbər verir ki, bu barədə sosial mediada məlumat və görüntülər yayımlanıb.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar Azov, Taqanroq, həmçinin Azov və Matveyev-Kurqan rayonlarının hücuma məruz qaldığını təsdiqləyib. 

Ukrayna televiziya kanallarının məlumatına görə, Rostov vilayətinin Taqanroq şəhərindəki Kurqannefteprodukt MMC-nin (ildə 1,2 milyon ton yükləmə gücünə malik) liman terminalı zərbə alıb və orada yanğın baş verib. TASS şəhər hakimiyyətinə istinadən xəbər verir ki, dron hücumundan sonra "fövqəladə zonadan" təxliyəyə başlanılıb. Bundan əlavə, Azovdakı neft anbarlarından birinə hücum edilib. 

Qubernatorun sözlərinə görə, Azov şəhərində dron zərbələri nəticəsində neft məhsullarının saxlanıldığı iki böyük obyektdə güclü yanğın başlayıb. Taqanroq şəhərində isə dəniz limanının ərazisi alova bürünüb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Lakin vəziyyətin ciddiliyi nəzərə alınaraq, Taqanroq hakimiyyəti fövqəladə hal zonasından əhalinin təxliyə ediləcəyini elan edib.

Ukraynanın monitorinq kanalları və yerli mənbələr vurulan hədəflərin dəqiq siyahısını yayıblar. Məlumata görə Azov şəhərində "Rosneft" şirkətinə məxsus "Azov" neft bazası və "DonTerminal" neft bazası (yaxud Azov Optik-Mexanika Zavodu) yanır. Taqanroq şəhərində yenə "Rosneft"ə məxsus olan və strateji əhəmiyyət daşıyan "Kurqannefteprodukt" port terminalı alovlar içindədir.

 Azov Optik və Mexaniki Zavodu Rusiya təyyarələrində, zirehli texnikalarında və döyüş gəmilərində istifadə olunan nişangahlar, məsafəölçənlər, termal görüntüləyicilər və atəş idarəetmə sistemləri, eləcə də raketlər üçün elektron komponentlər daxil olmaqla optik-elektron, radar və yüksək dəqiqlikli sistemlərin istehsalında ixtisaslaşıb.

Bu maşınqayırma və cihazqayırma müəssisəsi 2025-ci ilin iyul ayında da dronların hədəfinə çevrilmişdi. Zavod Rusiya müdafiə sənayesi kompleksinin (MİK) və ən böyük müdafiə holdinq şirkəti olan Taktiki Raketlər Korporasiyası ASC-nin (KTRV) bir hissəsidir.

Analoji hücum Krasnodar diyarında da qeydə alınıb. Bölgənin Operativ Qərargahından verilən məlumata görə, vurulan PUA-ların qalıqlarının düşməsi bəhanəsi ilə regional əhəmiyyətli İlsk neft emalı zavodunun (NEZ) ərazisində yanğın baş verib. Kuban regional əməliyyat qrupu da Rusiyanın cənubundakı ən böyük neft emalı zavodlarından biri olan və ildə təxminən 6,6 milyon ton neft istehsal edən İlsk Neft Emalı Zavoduna zərbə endirildiyini təsdiqləyib. Hakimiyyət orqanları obyektdə "düşən PUA qalıqları səbəbindən" yanğın baş verdiyini bildirib. Yanğının görüntüləri Ukrayna televiziya kanalları tərəfindən yayımlanıb.Rəsmilər yanğının qısa müddətdə söndürüldüyünü və xəsarət alanın olmadığını iddia edirlər.

Əməliyyat qrupunun məlumatına görə, dron qalıqları həmçinin Severskaya kəndindəki "müəssisələrdən birinə" və fərdi evə düşüb.

“Astra”-nın məlumatına görə, bu, əsasən ixrac üçün neft məhsulları istehsal edən İlsk Neft Emalı Zavoduna ilin əvvəlindən bəri beşinci, müharibənin əvvəlindən isə ən azı 17-ci hücumdur. Ukrayna Silahlı Qüvvələri sonuncu dəfə iyunun 2-də zavoda zərbə endirib.

Rusiya Müdafiə Nazirliyi isə hücumun miqyasının görünməmiş dərəcədə böyük olduğunu dolayısı ilə etiraf edib. Rəsmi açıqlamada iddia olunur ki, Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri gecə ərzində ölkənin 12 regionu (Belqorod, Bryansk, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Pskov, Rostov, Smolensk, Tver vilayətləri, Moskva regionu və Krasnodar diyarı), həmçinin ilhaq olunmuş Krım və Azov dənizi akvatoriyası üzərində Ukraynaya məxsus 376 ədəd pilotsuz uçuş aparatını məhv edib. Ancaq bu qədər PUA-nın vurulması iddiasına baxmayaraq, strateji neft obyektlərinin alovlanmasının qarşısını almaq mümkün olmayıb.

Rasim Əliyev

“AzPolitika.info”