Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun son sammitində Ukraynaya hərbi yardımları genişləndirməklə bağlı verdiyi bəyanatlar Moskvada narazılıq doğurub. Rusiya mediasında iki ölkə arasındakı çoxillik tərəfdaşlığı hədəf alan fikirlər səsləndirib.

“AzPolitika” xəbər verir ki, Rusiyanın “Pravda” qəzetində dərc olunmuş məqalədə Ankaraya qarşı təcili və qətiyyətli iqtisadi-siyasi əks-tədbirlərin görülməsi tələb olunur. Rusiya mətbuatı Türkiyənin bu addımlarını Moskvaya karşı "görünməmiş hörmətsizlik" və təhlükəli bir tendensiya kimi qiymətləndirir.

Məqalədə qeyd olunur ki, Ərdoğan ilk dəfə olaraq Ukrayna üçün ABŞ silahlarının satın alınmasını maliyyələşdirən NATO-nun PURL (Prioritet Ehtiyaclar Siyahısı) təşəbbüsünü dəstəklədiyini bəyan edib. O, Türkiyənin milli arsenallarından Kiyevə verdiyi hərbi dəstəyi davam etdirəcəyini vurğulayıb.

Eyni zamanda, Türkiyə liderinin yenidən Moskva və Kiyev arasında vasitəçilik təklif etməsi Rusiya tərəfindən etirazla qarşılanıb. Yazıda bildirilir ki, Moskvanın danışıqlar üçün öz şərtləri və "yerdəki reallıqlara" əsaslanan planı var və Rusiyanı hər hansı bir yola "yönləndirməyə" ehtiyac yoxdur. Ukraynanın Rusiyadakı kompressor stansiyasına və "Mavi Axın" qaz kəmərinə hücumları fonunda Ankaranın Kiyevə hərbi dəstəyi artırmasını isə müəlliflər nonsens adlandırıb.

Rusiya tərəfi Ankaraya təzyiq mexanizmi kimi ilk növbədə öz vəsaitləri hesabına Türkiyədə inşa etdiyi "Akkuyu" Atom Elektrik Stansiyası (AES) layihəsini görür. Qəzet yazır ki, "Rosatom" dövlət korporasiyası Qərb sanksiyalarını bəhanə gətirərək tikinti müddətini qəsdən uzada və ya türk podratçıları rusiyalı şirkətlərlə əvəzləyə bilər.

Bundan əlavə, yazıda Rusiya hökuməti daxili bazarında böyük gəlirlər əldə edən türk biznesinə qarşı sanksiyaların tətbiqinə çağırılıb. Hazırda Rusiyada tikinti, sənaye, pərakəndə satış və bank sektorunda fəaliyyət göstərən 1600-dən çox türk kapitallı şirkət var və onların illik dövriyyəsi təxminən 700 milyard rubl təşkil edir. Məqalə müəllifi xüsusilə hərbi dronların istehsal olunduğu "Alabuqa" xüsusi iqtisadi zonasında türk şirkətlərinin mövcudluğunu sənaye casusluğu baxımından ciddi təhlükə adlandırıb.

“Pravda” 2015-ci ildə Suriyada Rusiya hərbi təyyarəsinin vurulmasından sonra tətbiq edilən sanksiyaların yenidən nəzərdən keçirməyi təklif edib. Həmin dövrdə türk şirkətlərinə Rusiyada irimiqyaslı tikinti layihələri qadağan edilmişdi. Bu tədbirin təkrarlanması Moskvada meqa-obyektlər inşa edən "Ant Yapi" və "Enka" kimi nəhəng türk holdinqlərinə milyardlarla dollar zərər vura bilər.

Digər ən ağır zərbə isə turizm sektoruna dəyə bilər. Təhlükəsizlik bəhanəsi ilə Türkiyəyə çarter reyslərinin və turpaketlərin satışının qadağan edilməsi bir neçə həftə ərzində Ankaranı rusiyalı turistlərdən gələn milyardlarla dollarlıq gəlirdən məhrum etmək gücündədir.

Rusiya tərəfini ən çox narahat edən məqamlardan biri də Türkiyənin ABŞ-dan "F-35" qırıcılarını almaq müqabilində Rusiyadan aldığı "S-400" zenit-raket komplekslərini Ukraynaya ötürməsi ehtimalıdır. Yazıda qeyd olunur ki, Vaşinqtonun təzyiqi ilə Ankaranın belə bir addım atması Kremlin sonuncu "qırmızı xəttinin" keçilməsi demək olacaq.

Qeyd edək ki, Rusiya mediasında Türkiyə ilə basğlı belə çağrışlara vaxtaşırı rast gəlinir. Ancaq rəsmi Moskva türkiyə ilə münasibətləri pozmaqda maraqlı görünmür. Türkiyənin NATO üzvü kimi öhdəlikləri olduğunu qəbyl edir. Bu dəfə Kreml hansı addımı atacaq, zaman göstərəcək.

Rasim

“AzPolitika.info”