Son illərdə bir sıra ölkələrdə ictimai nəqliyyatın tamamilə pulsuz olması ilə bağlı layihələr müzakirə olunur və bəzi şəhərlərdə artıq tətbiq edilir. Bu addımın həm vətəndaşların gündəlik xərclərini azaltmaq, həm də şəxsi avtomobillərdən istifadənin azalmasına töhfə verə biləcəyi qeyd olunur.

Bəs Azərbaycanda ictimai nəqliyyatın tamamilə pulsuz edilməsi mümkün ola bilərmi və bu, sərnişin sayına necə təsir göstərə bilər? Dövlət büdcəsi və nəqliyyat sisteminin davamlı fəaliyyəti baxımından belə bir model ölkə üçün nə dərəcədə real görünür?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, ictimai nəqliyyatın tamamilə pulsuz olması ilə bağlı dünyada müxtəlif təcrübələr mövcuddur. Lakin elə bir ölkə yoxdur ki, bütün ictimai nəqliyyat sistemini tamamilə ödənişsiz etsin. Bu model əsasən bəzi şəhərlərdə, xüsusilə turizm zonalarında tətbiq olunur.

Onun sözlərinə görə, Bakı üçün belə bir sistemin tətbiqi hazırkı mərhələdə real görünmür: “Bu gün Azərbaycan əhalisinin təxminən üçdə biri, hətta daha çoxu Bakıda yaşayır. Bu qədər insana tamamilə pulsuz ictimai nəqliyyat xidməti göstərmək dövlət üçün ciddi maliyyə yükü yaradar. Ona görə də bu məsələni hazırda daha çox nəzəri müzakirə mövzusu kimi qiymətləndirmək olar. Tamamilə mümkünsüz deyil, lakin bütün şəhər üzrə tətbiqi indiki şəraitdə çətindir.”

Ekspert qeyd edib ki, müəyyən marşrutlar üzrə pulsuz nəqliyyatın təşkili mümkündür və bunun nümunəsi artıq Bakıda tətbiq edilir: “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhərin mərkəzində avtomobillərin hərəkətinin qadağan olunduğu piyadalaşdırılmış küçələrə insanların rahat gediş-gəlişini təmin etmək məqsədilə pulsuz nəqliyyat xidməti təşkil edib. Bu xidmət parkinq məntəqələri ilə həmin ərazilər arasında hərəkəti asanlaşdırır. Bu, müsbət addımdır və ümid edirik ki, avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı digər ərazilərdə də belə təcrübə tətbiq ediləcək.”

E.Muradlı vurğulayıb ki, belə layihələrin əsas məqsədi şəhər mərkəzlərini nəqliyyat sıxlığından və zərərli tullantılardan qorumaqdır: “Ətraf mühitin mühafizəsinə xüsusi diqqət ayıran ölkələrdə ictimai nəqliyyatın müxtəlif növləri sərfəli tariflərlə təqdim olunur. Gündəlik, həftəlik və aylıq kartlar tətbiq edilir, paketlər daha ucuz qiymətə təklif olunur. Məqsəd insanları şəxsi avtomobildən imtina edərək ictimai nəqliyyatdan istifadəyə təşviq etməkdir. Bu da yanacaq sərfiyyatını və atmosferə atılan zərərli qazların həcmini azaldır.”

Ekspert hesab edir ki, hazırda Azərbaycanda əsas prioritet ictimai nəqliyyatın keyfiyyətinin yüksəldilməsi olmalıdır: “Bu gün ictimai nəqliyyatın fəaliyyəti hələ də vətəndaşları tam qane etmir. Əvvəlcə xidmətin keyfiyyəti yüksəldilməli, bundan sonra müxtəlif güzəştlərin tətbiqi barədə düşünmək olar. Hazırkı vəziyyətdə tam pulsuz ictimai nəqliyyat real görünmür. Çünki bu sahə tamamilə dövlətin nəzarətində deyil və özəl sektorun payı böyükdür. Özəl daşıyıcıların əsas məqsədi gəlir əldə etməkdir. Yüz minlərlə manat vəsait xərcləyərək avtobus alan şirkətlərdən pulsuz xidmət gözləmək düzgün olmaz. Belə bir model tətbiq ediləcəksə, xərcləri dövlət qarşılamalı və ya bunun üçün ayrıca maliyyə mexanizmi hazırlanmalıdır.”

Oğuz Ayvaz 

“AzPolitika.info”