Azərbaycan qanunvericiliyində sahibkarlığın fəaliyyəti və biznes mühitinin liberallaşdırılması istiqamətində inqilabi dəyişiklik qəbul edilib. Milli Məclisin bu gün keçirilən iclasında xarici valyuta vəsaitlərini xaricdən qaytarmamağa görə nəzərdə tutulan cinayət məsuliyyəti və sərt sanksiyaların ləğvini nəzərdə tutan qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
"AzPolitika" "Fed.az"a istinadla xəbər verir ki, Cinayət Məcəlləsində edilən bu dəyişiklik indiyə qədər xarici tərəfdaşlarla işləyən və xüsusilə ixracatla məşğul olan yerli iş adamlarının qarşılaşdığı ən böyük inzibati və hüquqi maneələrdən birini ortadan qaldırır.Qüvvədə olan qanunvericiliyə görə, xarici ölkələrlə biznes aparan şəxslər əldə etdikləri valyuta vəsaitini məcburi qaydada Azərbaycan banklarındakı hesablarına köçürməli idilər.Bu vəsaitin ölkəyə qaytarılmaması (hətta xarici tərəfdaşın pulu gecikdirməsi və ya ödəməməsi kimi sahibkardan asılı olmayan səbəblərdən belə) xeyli miqdarda (20-30 min manat) 3 ilədək azadlığın məhdudlaşdırılması və ya həbsi, külli miqdarda (30 min manatdan yuxarı) isə 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tuturdu.Bu sərt maddə xüsusilə kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarları ağır stress altında saxlayır, onları müxtəlif dolayı yollara (malı başqa şirkətlərin adı ilə çıxarmağa) məcbur edirdi. Bir neçə gün əvvəl Şəmkirdə keçirilən müşavirədə iş adamları bu problemi Prezidentin köməkçisi Natiq Əmirovun qarşısında da qaldırmış və problemin tezliklə həll olunacağı vədi verilmişdi.Yeni qanun layihəsinə əsasən, bu əməl tamamilə dekriminallaşdırılır - yəni cinayət məsuliyyəti və həbs cəzaları tam ləğv olunur. Proses İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənəcək və məbləğindən asılı olmayaraq yalnız cərimələrlə əvəzlənəcək:-Fiziki şəxslər üçün: Ölkəyə qaytarılmayan valyutanın 5-10%-i həcmində cərimə;Vəzifəli şəxslər üçün: Qaytarılmayan məbləğin 10-20%-i həcmində cərimə;
-Hüquqi şəxslər (şirkətlər) üçün: Qaytarılmayan məbləğin 20-30%-i həcmində cərimə tətbiq olunacaq.
Əgər məsələ ilə bağlı araşdırma aparılarkən, yekun qərar qəbul edilənədək iş adamı valyutanı ölkəyə qaytara bilsə, o, inzibati məsuliyyətdən də tam azad ediləcək və heç bir cərimə ödəməyəcək.
Milli Məclisdə üçüncü oxunuşdan keçən bu dəyişikliklərin 2027-ci il yanvarın 1-dən etibarən qüvvəyə minməsi nəzərdə tutulur. Ekspertlərin fikrincə, bu addım ölkədə ixrac potensialını stimullaşdıracaq və sahibkarların xarici bazarlara çıxış risklərini minimuma endirəcək.

Şərhlər