Ukrayna ordusunun son dövrlərdə Rusiya Federasiyasının daxili ərazilərindəki hərbi və strateji hədəflərə endirdiyi zərbələr regional hərbi balansı dəyişməkdədir. Rusiyanın hərbi-analitik resursları Ukraynanın artıq döyüş meydanında tətbiq etdiyi yeni raket silahlarının taktiki-texniki göstəricilərini və onların radiuslarını təhlil edib.
“AzPolitika" xəbər verir ki, tanınmış hərbi ekspert Aqil Rüstəmzadə Rusiyanın “ZVI” hərbi-analitik resursunun məlumatlarına istinadən Ukraynanın yeni raket silahlarının effektiv məhvetmə imkanlarını təqdim edib.
Rusiya mənbələrinin etirafına görə, Ukrayna Silahlı Qüvvələri tərəfindən artıq Rusiya ərazilərinə zərbələr üçün istifadə olunan və böyük təhlükə yaradan yeni raket silahları və onların fəaliyyət radiusları aşağıdakı kimidir:
“FP-9” yaxın mənzilli ballistik raketi: Ukrayna istehsalı olan bu ballistik raketin fəaliyyət radiusu 1000 kilometrə qədərdir. Rusiya hərbi resursları qeyd edir ki, “FP-9” raketinin real uçuş məsafəsi rəsmi bəyan ediləndən daha yüksəkdir və o, birbaşa yaxın mənzilli ballistik raketlər sinfinə aid edilir.
“Grom-2” (“İldırım-2”) əməliyyat-taktiki raket kompleksi (OTRK): Ukraynanın yerli imkanları ilə təkmilləşdirdiyi bu kompleks 600 kilometrədək məsafədəki hədəfləri dəqiqliklə vurmaq gücündədir.
“Rusty Dagger” (“Paslı Xəncər”) havadan atılan qanadlı raketi: Aviasiya vasitəsilə buraxılan bu yeni qanadlı raketin də hədəfi məhv etmək radiusu 600 kilometrə qədər çatır.
Ekspertlər qeyd edirlər ki, Ukraynanın hərbi-sənaye kompleksinin bu cür uzaqmənzilli və yüksək dəqiqlikli silahları arsenalına daxil etməsi və onları Rusiya daxilindəki hərbi aerodromlar, logistik mərkəzlər və neft emalı zavodlarına qarşı effektiv şəkildə tətbiq etməsi, müharibənin gedişatında Kiyevin strateji üstünlüyünü və Rusiya ordusunun arxa cəbhəsinin müdafiəsizliyini artırır.
Rasim
“AzPolitika.info”

Şərhlər