Milli Məclisdə müzakirə olunan "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliklərdən biri də dövlət ümumi təhsil müəssisələrində müəllimlər üçün geyim tələblərinin hüquqi əsasının yaradılmasıdır. Təşəbbüsün məqsədi məktəblərdə vahid işgüzar mühitin, nizam-intizamın və peşəkar görünüşün formalaşdırılması kimi izah edilir. Bununla yanaşı, dəyişiklik cəmiyyətdə fərqli fikirlərə də səbəb olub.

Müəllimlər üçün geyim tələbinin qanunla tənzimlənməsinə ehtiyac var idi? Bu qayda onların şəxsi seçim azadlığını məhdudlaşdıra bilərmi? Beynəlxalq təcrübədə müəllimlərin geyimi hansı prinsiplərlə tənzimlənir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi deyib ki, müəllimlər üçün vahid geyim formasının tətbiqi məsələsi uzun müddətdir müzakirə olunur və bu təşəbbüsün bir sıra müsbət tərəfləri var.

Onun sözlərinə görə, ilk növbədə vahid geyim məktəblərdə estetik və səliqəli görüntünün formalaşmasına xidmət edəcək: “Düşünürəm ki, müəllimlərin vahid geyimdə olması vizual baxımdan daha xoş bir görüntü yaradacaq. Bununla yanaşı, vahid geyim sosial bərabərliyin qorunması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu amil müəyyən mənada təlim-tərbiyə prosesinə də müsbət təsir göstərə bilər. Çünki müəllim cəmiyyət üçün nümunə hesab olunur və onun xarici görünüşü də bu nümunənin bir hissəsidir.”

Ekspert qeyd edib ki, hazırda müəllimlər arasında geyim baxımından nəzərəçarpacaq fərqlər müşahidə olunur: “İndiyədək hər kəs gündəlik seçimlərinə uyğun geyinirdi. Bəziləri daha bahalı geyimlərə və zinət əşyalarına üstünlük verir, digərləri isə daha sadə geyimlərlə məktəbə gəlirdi. Bu isə istər-istəməz sosial fərqləri nümayiş etdirirdi. Vahid geyim tətbiq olunacağı halda isə bu fərqlər minimuma enəcək, bütün müəllimlər eyni standart geyimdə olacaqlar və sosial bərabərlik daha aydın şəkildə qorunacaq.”

E.Əfəndinin fikrincə, vahid geyim müəllimlərin cəmiyyətdə daha asan tanınmasına da kömək edəcək: “Belə bir sistem tətbiq olunarsa, məktəbə gələn hər kəs müəllimi digər şəxslərdən asanlıqla fərqləndirə biləcək. Bu da müəllim peşəsinin nüfuzunun və peşəkar imicinin formalaşmasına müəyyən töhfə verə bilər.”

Təhsil eksperti sonda vurğulayıb ki, müəllimlər üçün vahid geyim təcrübəsi yalnız Azərbaycana xas deyil: “Dünyanın bir çox ölkəsində müəllimlər üçün müəyyən geyim standartları və ya dress-kod qaydaları mövcuddur. Hesab edirəm ki, bu təşəbbüs tətbiq edilərsə, məktəblərdə daha səliqəli və xoşagələn mühit formalaşar. Bununla belə, unutmaq olmaz ki, əsas prioritet müəllimlərin geyimi deyil, təhsilin keyfiyyətinin yüksəldilməsi olmalıdır. Vahid geyim müsbət addım sayıla bilər, lakin təhsil sisteminin inkişafı üçün əsas məsələ keyfiyyətli tədris və müəllim peşəsinin gücləndirilməsidir.”

Oğuz Ayvaz

“AzPolitika.info”