Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Özbəkistanda keçirilən Birinci Beynəlxalq İslam Sivilizasiyası Konfransı və bu ölkəyə etdiyi səfərin təəssüratları barədə partiyanın mətbuat xidmətinə maraqlı açıqlamalar verib.

Deputat bildirib ki, o və həmkarı Cavanşir Paşazadə bu mötəbər konfransa Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə qatılıblar.

Dünyanın müxtəlif ölkələrindən tanınmış din xadimlərinin, islamşünas alimlərin və dövlət rəsmilərinin iştirat etdiyi tədbirdə ölkəmizi Şeyxülislamla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov təmsil edib və geniş çıxışlar ediblər.

Səfər zamanı Qüdrət Həsənquliyevi ən çox təsirləndirən məqamlardan biri Şeyxülislamın vəfası və özbək xalqının ona olan sonsuz hörməti olub. Deputat qeyd edib ki, 55 il keçməsinə baxmayaraq, Şeyx həzrətlərinin Buxara və Daşkənddə dini təhsil aldığı illərdə dostluq etdiyi ailələrlə bu günə qədər çox isti, səmimi münasibətləri qoruyub saxlaması bütün gənclər üçün əsl örnəkdir. Səfər çərçivəsində onun Buxarada 7 illik təhsilini cəmi 3 ilə başa vurduğu mədrəsəyə və tələbəlik dostlarının evinə edilən ziyarətlər olduqca təsirli səhnələrlə yadda qalıb. Özbəklər də Şeyxin bu ölkəni özünə ikinci vətən hesab etməsini çox yüksək qiymətləndirirlər.

Daşkənddə reallaşan mühüm tədbirlərdən biri də Azərbaycan və Özbəkistan liderlərinin dostluq əlaqələrini əks etdirən "Qardaşlıq və Müttəfiqliyin Zirvəsi" kitabının böyük təqdimat mərasimi olub. Bunun ardınca isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev islam dünyasında birliyə, milli-mənəvi dəyərlərin təbliğinə və iki ölkə arasında dostluğun inkişafına verdiyi töhfələrə görə Allahşükür Paşazadəni şəxsən qardaş ölkənin ali mükafatlarından olan "El-Yurt Hörməti" ordeni ilə təltif edib.


Özbəkistanın regiondakı çəkisinə və ölkəmizə olan münasibətinə toxunan Qüdrət Həsənquliyev vurğulayıb ki, Özbəkistan Türkiyədən sonra bizə ən yaxın ölkə olub və Azərbaycanı daim müdafiə edib. Prezident Mirziyoyev də çıxışlarında ölkəmizi "sözü ilə əməli üst-üstə düşən dost və qardaş dövlət" adlandırır. Hazırda Özbəkistanda ciddi iqtisadi islahatlar gedir, iqtisadi azadlıqlar genişləndikcə daxili və xarici investisiya qoyuluşu artır. İqtisadiyyatın böyüməsini sadə insanlar artıq öz həyatlarında hiss edirlər.

Eyni zamanda, Özbəkistan rəhbərliyi dini ekstremizmə qarşı ən effektiv mübarizəni islam maarifçiliyində görür. Səmərqənddə İmam Buxarinin məqbərəsinin və məscidinin yenidən qurulması, orada nəhəng ziyarət və istirahət kompleksinin yaradılması bu siyasətin bariz nümunəsidir.

Millət vəkili Daşkənddə tikilən möhtəşəm İslam Sivilizasiya Mərkəzini və Buxarada bərpa olunmuş XVI əsrə aid tarixi abidələri, xüsusən Şeyx Bahaəddin Nəqşibənd kompleksini yüksək qiymətləndirib. O, Özbəkistana səfər etmək istəyən həmvətənlərimizə də praktik bir məsləhət verib. Deputat bildirib ki, yay ayları orada hava həddindən artıq isti keçdiyi üçün soydaşlarımız Səmərqənd və Buxaraya səfərlərini yaz və payız aylarında planlaşdırsalar, daha yaxşı olar.

Sonda Qüdrət Həsənquliyev qeyd edib ki, islam sivilizasiyasının təbliğinə, sülhə və dini maarifçiliyə xidmət edən bu cür beynəlxalq konfransların keçirilməsi olduqca təqdirəlayiqdir və bu addımlarına görə qardaş Özbəkistan ən xoş sözlərə layiqdir.

Rasim

"AzPolitika.info"