Ukraynadakı müharibənin dinamikası tədricən Rusiyanın əleyhinə çevrilir, lakin dönüş nöqtəsindən danışmaq hələ tezdir. Dörd ildən çox tükəndirmə müharibəsindən sonra Moskva artıq zamanın onun xeyrinə işləmədiyini anlayır.
“AzPolitika” xəbər verir ki, "The Wall Street Journal"-da dərc edilən məqalədə belə deyilir.
Yazıda bildirilir ki, Rusiyanın hücumları nəzərəçarpacaq dərəcədə yavaşlayıb: cəbhədəki irəliləyişlər azalır, itkilər orduya yeni qüvvələrin cəlb edilməsi sürətini üstələyir və Ukrayna dronları getdikcə rus ordunun təchizat xətlərini daha effektiv şəkildə pozur.
Eyni zamanda, ciddi təzyiqə baxmayaraq, Ukrayna təkcə öz mövqelərini qoruyub saxlamır, həm də bəzi yerlərdə əks-hücumlar həyata keçirir. Ukraynanın uzaqmənzilli dronları Rusiya ərazisinin dərinliyindəki neft emalı zavodlarına və digər enerji infrastrukturuna zərbələr endirir. İşğal olunmuş Krımda isə artıq yanacaq çatışmazlığı kritik həddə çatıb.
Qəzet qeyd edir ki, 2022-ci ilin sonlarından bəri ilk dəfə Rusiya özünü daha əlverişsiz vəziyyətdə görür, lakin onun üstünlükləri hələ tükənməyib. Ukraynanın əsas zəifliyi şəhərləri Rusiya ballistik raketlərindən qoruyan "Patriot" raket sistemləri üçün raket çatışmazlığıdır.
“Dəyişən vəziyyət siyasətdə də əksini tapir. Bir il əvvəl Volodimir Zelenskiyə Ukraynanın "kartlarının olmadığını" deyən Donald Tramp indi açıq şəkildə Ukrayna texnologiyasını və uzaqmənzilli dronlarını tərifləyir. Kəşfiyyat qiymətləndirmələri ilə tanış olan iki Amerika rəsmisinin sözlərinə görə, Tramp Ukraynanın Rusiyaya zərbə endirmək üçün yeni imkanlarından təsirlənib, Rusiyanın özündə isə getdikcə daha çox insan müharibənin bitməsini istəyir”- məqalədə deyilir.
Nəşrin yazdığına görə, hətta bəzi rus analitikləri də vəziyyətin pisləşdiyini etiraf edirlər. Moskvada yerləşən Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov deyir: "Son bir ildə Rusiya Federasiyasının ümumi strateji mövqeyi pisləşib. Yerlərdə hücum əməliyyatlarının tempi yavaşlayır, Ukraynanın əks-hücumları güclənir və Rusiya silahlı qüvvələrində yorğunluq əlamətləri görünür".
Bir çox analitikin fikrincə, Rusiya ordusunun itkiləri artıq orduya qatılan müqaviləli əsgərlərin axınını üstələyir və bu da mümkün yeni səfərbərlik barədə ehtimalları gücləndirir.
Nəşrin qeyd etdiyi kimi, bu arada, Ukraynada cəmiyyətin və ordunun yorğunluğuna baxmayaraq, ölkənin müstəqilliyini qoruyub saxlaya biləcəyinə inam güclənib. Prezident Volodimir Zelenski Rusiya ballistik raketlərini "Rusiyanın son əsas üstünlüyü" adlandırıb və müttəfiqlərin əlavə “Patriot” raket sistemləri tədarük etməsinə çağırışını təkrarlayaraq əlavə edib: "Qalan hər şeyi biz özümüz həll edə bilərik."
Bununla yanaşı, məqalədə vurğulanır ki, Vladimir Putin açıq şəkildə maksimalist tələblərində israr etməyə davam edir. Buna baxmayaraq, Vaşinqton ümid edir ki, bu ilin sonlarında Putin Kiyev üçün məqbul şərtlərlə müharibəni bitirməyə razılaşa bilər. Lakin Puxov başqa cür düşünür: "Putin lazım olduğu qədər uzunmüddətli müharibə aparmağa hazırdır... Bu müharibə faktiki olaraq onun həyatının baş işinə çevrilib".
Hərbi ekspertlər qeyd edirlər ki, Ukrayna ordusu Rusiya taktikalarına effektiv şəkildə qarşı çıxmağı öyrənib, dronlara qarşı müdafiəsini təkmilləşdirib və getdikcə Rusiya logistikasına uğurla zərbələr endirir.
"Ukrayna ordusu inkişaf edib, Rusiya ordusu isə 2026-cı ildə mahiyyətcə dəyişməz qalıb. O, 2025-ci ildə olduğu kimi döyüşür", - deyə analitik Maykl Kofman nəşrə bildirib.
Qəzet qeyd edir ki, Ukrayna dronlarının artan məsafəsi və sayı Kremli hansı şəhərləri və obyektləri qorumağa üstünlük verməyə dair seçim etməyə məcbur edir. "Tarixən Rusiyanın böyüklüyü həmişə onun əsas üstünlüyü olub. İndi isə bu, çatışmazlıq halına gəlir, çünki müdafiə olunmalı çox şey var", - deyə keçmiş Britaniya diplomatı, hazırda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Naycel Quld-Deyvis bildirir.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı xəbərdarlıq edir ki, Ukraynanın hazırkı uğurları Rusiyanı atəşkəsə razılaşmağa məcbur etmək üçün kifayət deyil.
Sonda qeyd edək ki, vəziyyətin və vaxtın Rusiyanın xeyrinə olmadığını göstərən əlamətlərdən biri də Rusiya təbliğatının və rəsmi şəxslərinin yenidən nüvə ritorikasını gücləndirməsidir. Adətən məhz vəziyyət pisləşəndə və böhran, məğlubiyyət təhlükəsi ciddiləşəndə Kreml nüvə silahı təhdidlərini yada salır…
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər