Ermənistanda hakimiyyət nümayəndələrinin əmlakı və iqtidar partiyasının maliyyələşməsi ilə bağlı dərc olunan iki jurnalist araşdırması ölkədə korrupsiya, şəffaflıq və siyasi etikaya dair müzakirələri yenidən alovlandırıb. 

"AzPolitika" xəbər verir ki, "Hetq" araşdırma mərkəzinin dövlət məmurlarının milyonlarla dram dəyərində qol saatları haqqında araşdırması, eləcə də Ermənistanın "Azadlıq" Radiosunun ("Azatutyun") hakim "Vətəndaş Müqaviləsi" Partiyasının seçki kampaniyasının maliyyələşməsi ilə bağlı materialı ictimaiyyətdə ciddi rezonans doğurub. Bununla da təqdim olunan faktlar Ermənistan cəmiyyətində dövlət məmurlarının gəlirləri, aldıqları bahalı hədiyyələr və hakim partiyanın seçki kampaniyasında istifadə etdiyi resursların mənbəyi barədə yeni suallar yaradıb.

Picture background

"Hetq"in araşdırmasına əsasən, Korrupsiyanın Qarşısının Alınması Komissiyasının bəyannamələr reyestrində dövlət məmurları və onların ailə üzvlərinə məxsus dəyəri 4 milyon dramdan artıq olan 25 qol saatı aşkarlanıb. Bu saatlar ümumilikdə 22 bəyannamədə yer alır. Maraqlıdır ki, həmin saatların 14-ü hədiyyə kimi əldə olunub, 9-u satın alınıb, 2-si isə miras qalıb. Bu fakt xüsusilə diqqət çəkir. Çünki dövlət vəzifəsi tutan şəxslərin on minlərlə dollar və milyonlarla dram dəyərində hədiyyələr qəbul etməsi cəmiyyətdə istər-istəməz maraq və suallar doğurur.

Ən bahalı saat kolleksiyasının sahibi hazırda Ermənistanın Rusiyadakı səfiri olan, əvvəllər isə hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı kimi fəaliyyət göstərmiş Qurgen Arsenyandır. Onun bəyannaməsinə görə, 2019-cu ildə 82 milyon dram, 2011-ci ildə isə 51,3 milyon dram dəyərində iki saat alınıb. Beləliklə, yalnız iki saatın ümumi dəyəri 130 milyon dramı ötür.Hakim partiyanın digər tanınmış simalarından olan deputat və biznesmen Xaçatur Sukiasyanın bəyannaməsində isə 23 milyon dramlıq saat göstərilib. Maraqlıdır ki, onun digər bahalı əşyaları – rəsm əsərləri, xalçalar və mebellər şəxsi vəsait hesabına deyil, hədiyyə və ya miras yolu ilə əldə olunub. "Metsamor" icmasının rəhbəri Vaqram Xaçatryan 33 min ABŞ dolları dəyərində "Rolex" saatını 2019-cu ildə hədiyyə aldığını bəyan edib. Ermənistanın ədliyyə naziri Qriqor Minasyan isə biri 22 min, digəri 16 min ABŞ dolları dəyərində olan iki saatı hələ 2009-cu ildə hədiyyə aldığını bəyannaməsində göstərib.

Araşdırmanın diqqət çəkən məqamlarından biri də Dövlət Gəlirləri Komitəsinin əməkdaşları ilə bağlıdır. Məlum olub ki, bu qurumun altı əməkdaşı və ya onların ailə üzvləri də bahalı saatlara sahibdir. Qoqavan–Privolnoye gömrük-keçid məntəqəsinin rəisi Aram Marqaryan 1 milyon 850 min Rusiya rublu dəyərində saat aldığını bəyan edib. Dövlət Gəlirləri Komitəsinin baş əməliyyat müvəkkili Aram Maçkalyan isə biri 18 min, digəri 11 min dollar olan iki saatı hədiyyə aldığını göstərib. Digər əməkdaş Andranik Canoyan isə 7 milyon dram dəyərində saatın ona hədiyyə edildiyini qeyd edib.

Baş nazir Aparatının Maliyyə-İqtisadiyyat İdarəsinin rəisi Aşot Pirumyan 12 min avro, Dövlət Nəzarəti Xidmətinin yüksək vəzifəli əməkdaşı Ayk Pluzyan isə 12 min dollar dəyərində saatı hədiyyə kimi qəbul etdiyini bəyannaməsində göstərib. Araşdırmanın müəllifləri vurğulayırlar ki, bütün bu məlumatlar rəsmi bəyannamələrdə əks olunub və qanunvericiliyin tələblərinə uyğun təqdim edilib. Bununla belə, bahalı hədiyyələrin çoxluğu cəmiyyət üçün açıq qalan suallar yaradır. Belə ki, dövlət məmurlarına təqdim edilən yüksək dəyərli hədiyyələrin kimlər tərəfindən və hansı səbəbdən verildiyi bəyannamələrdə öz əksini tapmır.

Hakimiyyət üçün narahatlıq yaradan digər araşdırma isə Ermənistanın "Azadlıq" Radiosu tərəfindən hazırlanıb. Jurnalistlər Mərkəzi Seçki Komissiyasına təqdim olunan sənədləri araşdıraraq müəyyən ediblər ki, "Vətəndaş Müqaviləsi" Partiyası seçki kampaniyası dövründə yalnız İrəvanda 106 qərargahdan istifadə edib. Onlardan azı 36-sı partiyaya tamamilə ödənişsiz təqdim olunub.

Araşdırmada qeyd olunur ki, bu obyektlər əsasən mayın 1-dən iyunun 15-dək davam edən rəsmi seçki kampaniyası müddətində partiyanın istifadəsinə verilib. Ermənistan qanunvericiliyinə əsasən isə daşınmaz əmlakın ödənişsiz istifadəyə verilməsi siyasi partiyaya natural formada ianə hesab edilir və bu, maliyyə hesabatlarında əks etdirilməlidir."Azadlıq" Radiosu xatırladır ki, hakim partiyanın maliyyələşməsi ilə bağlı suallar ilk dəfə yaranmır. Daha əvvəl "Sülhün səsi" adlı konsert layihəsi də müzakirələrə səbəb olmuşdu. Tədbirin "Fast Bank"ın dəstəyi ilə keçirildiyi, hakim partiya nümayəndələrinin onu fəal şəkildə təbliğ etdiyi və layihənin adının "Vətəndaş Müqaviləsi"nin seçki şüarlarından biri ilə üst-üstə düşdüyü bildirilirdi. Bununla bağlı edilən müraciətlərə baxmayaraq, cinayət işi açılmayıb, Korrupsiyanın Qarşısının Alınması Komissiyası isə inzibati araşdırmaya başlamayıb. Bundan başqa, artıq ikinci ildir ki, "Vətəndaş Müqaviləsi" Partiyasının 2022-ci ildə aldığı ianələrlə bağlı cinayət işi araşdırılır. İstintaq qanunla icazə verilən həddən artıq ianələrin qəbul edilməsi və qadağan olunmuş mənbələrdən maliyyə vəsaiti alınması ehtimalını araşdırır. Oxşar mövzu üzrə xüsusilə iri məbləğdə qanunsuz ianələrə dair başqa bir cinayət işi isə sonradan bağlanıb.

Hər iki araşdırma Ermənistan hakimiyyətinin korrupsiyaya qarşı mübarizə və şəffaflıq sahəsində verdiyi vədlərin yenidən müzakirə olunmasına səbəb olub. Bahalı saatlar, yüksək dəyərli hədiyyələr və hakim partiyanın seçki kampaniyasında istifadə etdiyi ödənişsiz qərargahlar qanun pozuntusunun sübutu olmasa da, ictimai nəzarətin və hesabatlılığın vacibliyini bir daha gündəmə gətirir. Hazırda əsas sual ondan ibarətdir ki, jurnalist araşdırmalarında təqdim olunan faktlar hüquq-mühafizə və nəzarət orqanları tərəfindən araşdırılacaqmı, yoxsa bu məsələlər yalnız ictimai müzakirə mövzusu olaraq qalacaq. Hər iki halda, son araşdırmalar göstərir ki, Ermənistanda hakimiyyət nümayəndələrinin həyat tərzi, gəlirləri və siyasi maliyyələşmə mexanizmləri cəmiyyət üçün həssas mövzu olaraq qalmaqdadır.(musavat.com)