ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsrail Suriya və Livandakı qoşunlarını çıxarmağa başlamalıdır.

"Report" xəbər verir ki, bu barədə Axios portalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Tramp bunu İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı bildirib.

ABŞ və İsrailin yüksək vəzifəli rəsmilərinin məlumatına görə, iyulun 9-da baş tutan söhbət zamanı Tramp Netanyahuya İsrail hərbi qüvvələrinin Suriyadan çıxarılmasına başlamağı və Livanda da oxşar addım atmağı israrla tövsiyə edib. ABŞ Prezidenti bunu İsrailin Suriya ərazisində hərbi mövcudluğunun gərginlik yaratması və vəziyyətin eskalasiyasına səbəb ola biləcəyi ilə əsaslandırıb.

Bildirilib ki, Tramp və Netanyahu arasında telefon danışığı ABŞ Prezidentinin NATO sammiti çərçivəsində Ankarada Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşündən bir gün sonra baş tutub.

Portalın məlumatına görə, seçkilərə üç ay qalmış Netanyahunun bu məsələ ilə bağlı ciddi güzəştlərə getməsi ehtimalı azdır. Hazırda İsrail ordusu Livanın cənubunda və Suriyanın bəzi geniş ərazilərində mövqe tutur. İsrail hökuməti bildirir ki, bu bölgələrdə hərbi mövcudluq 7 oktyabr hadisələrinə bənzər yeni hücumların qarşısını almaq üçün zəruridir.

Tramp administrasiyası aylar ərzində İsrail və Suriya arasında yeni təhlükəsizlik sazişinin əldə olunmasına çalışsa da, sonda belə nəticəyə gəlib ki, Netanyahu qoşunların çıxarılması da daxil olmaqla, zəruri güzəştlərə maraq göstərmir.

B. Ravid xatırladıb ki, çərşənbə axşamı ABŞ vasitəçiləri Romada İsrail və Livan nümayəndələri ilə bir neçə həftə əvvəl tərəflər arasında imzalanmış çərçivə sazişinin icrasını müzakirə ediblər. Həmin sazişə əsasən, İsrail Livanın cənubundakı iki "pilot zona"dan qüvvələrini çıxarmağı və Livan ordusunun həmin ərazilərdə yerləşdirilməsinə imkan yaratmağı öhdəsinə götürüb. Lakin İsrail bu ərazilərdən tam geri çəkilməyib. Livan hökuməti bu prosesin başlanmasını tələb edir, İsrail isə növbəti mərhələyə keçməzdən əvvəl "pilot zonalar"ın "Hizbullah"ın silahlarından və hərbi infrastrukturundan tam təmizləndiyinə əmin olmaq istəyir.