ABŞ Dövlət Departamenti tərəfindən Zəngəur dəhlizində həyata keçiriləcək tikinti işləri üçün yaradılan "Tripp+ Enterprise Fund" fonduna Rusiya əsilli amerikalı investor Konstantin Sokolov rəhbər təyin olunub.
Böyük Britaniyanın nüfuzlu "The Guardian" qəzetinin yaydığı məlumata görə, ABŞ Dövlət Departamenti keçən həftənin cümə günü bu təyinatı rəsmən təsdiqləyib.
Nəşr yazır: "Rusiyada doğulmuş, hazırda Çikaqoda fəaliyyət göstərən özəl investisiya tərəfdaşı Konstantin Sokolov ABŞ Dövlət Departamentinin Orta Asiya ticarət dəhlizi üçün nəzərdə tutulan və 200 milyon dollardan çox investisiyanı idarə edəcək yeni vençur fondunun rəhbəri olacaq. Bu investisiyalar nəqliyyat, enerji infrastrukturu və kritik əhəmiyyətli faydalı qazıntıların çıxarılması sahələrini əhatə edəcək".
Məlumatda həmçinin qeyd olunur ki, Sokolov bundan əvvəl heç vaxt dövlət qulluğunda çalışmayıb.
"The Guardian" xatırladır ki, Konstantin Sokolov ABŞ Prezidenti Donald Trampın Ağ Evdəki dəbdəbəli rəqs zalının yenidən qurulması üçün maliyyə vəsaiti ayıran 36 əsas sponsordan biridir. Bu bərpa layihəsinin ümumi dəyəri təxminən 350 milyon dollar qiymətləndirilir. Sokolovun bu layihəyə şəxsən nə qədər ianə etdiyi dəqiq bilinmir; iş adamı özü isə qəzetin suallarını cavablandırmaqdan və müsahibə verməkdən imtina edib.

Dövlət Departamentinin açıqlamasına görə, Sokolovun təsis edəcəyi və Zəngəur dəhlizində həyata keçiriləcək tikinti işləri üçün yaradılan "Tripp+ Ticaret Fondu" ilkin mərhələdə 201 milyon dollarlıq büdcəyə nəzarət edəcək. Fond Ermənistan, Azərbaycan, Gürcüstan və Orta Asiyada strateji özəl sektorun inkişafı üçün kreditlər, qrantlar və birbaşa investisiyalar ayırmaq səlahiyyətinə malik olacaq.
Cari ilin fevral ayında İrəvana səfər edən ABŞ vitse-prezidenti Ceyms Devid Vens "Tripp+" fondunu "ticarət, tranzit və enerji axınlarında tamamilə yeni bir dünya açacaq tarixi transformasiyanın tərkib hissəsi" adlandırıb.
Eyni zamanda, "The Guardian" vurğulayır ki, Sokolovun və ya ABŞ-nin bu fonddan necə qazanc əldə edəcəyi, eləcə də onların göstərdikləri xidmətlərə görə hər hansı təzminat alıb-almayacaqları hələlik qaranlıq qalır.
Konstantin Sokolov Ermənistan biznes mühitində kifayət qədər tanınan simadır. O, ölkənin ən böyük mobil operatorlarından biri olan "Viva Armenia" (keçmiş "MTS Armenia") şirkətinin şərikli sahibidir. "Viva Armenia" bu yaxınlarda Ermənistandakı digər provayder olan "Rostelecom"un da səhmlərini satın alıb.
Bununla yanaşı, Qərb mediasının yaydığı məlumata görə, Sokolov Ermənistandakı məşhur Teğut mis-molibden yatağının da əsas potensial alıcılarından biri hesab olunur.
İş adamı həmçinin Afrikanı Avropa ilə birləşdirən "təmiz enerji" layihəsi və fiber-optik kabel rabitəsi ilə məşğul olan "Northern Pillar Energy" konsorsiumunun rəhbərliyində təmsil olunur. O, Çikaqoda yerləşən "IJS Investments" və Sürixdə maliyyə, enerji və daşınmaz əmlak sektoruna investisiya yatıran "Gotthard Investment AG" şirkətlərinin təsisçisidir.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi bəyan edib ki, sözügedən fond illik hesabatlar, müstəqil audit yoxlamaları və maraqlar toqquşmasının qarşısının alınması qaydaları da daxil olmaqla, ABŞ qanunvericiliyinin bütün sərt tələblərinə tam əməl edəcək.
Qəzetin rəyini öyrəndiyi ABŞ-nin xarici yardımlar sahəsi üzrə 4 müstəqil eksperti bildirib ki, Ağ Evin bu cür Amerika fondlarına rəhbər təyin edərkən özünə yaxın biznesmenləri seçməsi adi bir praktikadır. Lakin əsas məsələ odur ki, bu şəxslər yatırılan dövlət vəsaitlərindən öz şəxsi biznes maraqları üçün istifadə edə bilməzlər.
ABŞ-nin xarici ölkələrdə bu tip investisiya fondları yaratmaq təcrübəsi yeni deyil. Sovet İttifaqının dağılmasından sonra – 1989-cu ildən bəri Konqres Polşa və Macarıstana investisiya yatırmaq üçün 300 milyon dollar ayıraraq bu cür fondların əsasını qoyub. Ümumilikdə indiyədək ABŞ-nin buna bənzər 13 fondu fəaliyyət göstərib. "Tripp+ Girişim Fondu" da məhz bu postsovet qanunvericiliyi çərçivəsində təsis edilir.
Məlumata görə, layihənin maliyyə tutumu gələcəkdə daha da arta bilər. Belə ki, Dövlət Departamentinin xarici yardımlar şöbəsinin rəsmisi Ceremi Levin aprel ayında verdiyi açıqlamada qurumun artıq "TRIPP+" fondu üçün əlavə olaraq 400 milyon dollar ayırdığını təsdiqləyib.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər