İranın paytaxtı Tehranın mərkəzində yerləşən İnqilab meydanında ABŞ Prezidenti Donald Trampın tabutda uzandığı formada təsvir olunduğu iri həcmli divar rəsmi nümayiş etdirilib.

“AzPolitika”nın məlumatına görə, “Iribnews” yazır ki, sözügedən təsvir binanın fasadına çəkilib və şəhərin ən hərəkətli yol qovşaqlarından birinə baxdığı üçün minlərlə insan tərəfindən görünür. Freskada Tramp tabutun içində əks olunub, tabutun üzərində isə müxtəlif şüarlar və yazılar yer alıb.

Bu instalyasiyanın meydana çıxması İranla ABŞ arasında artan hərbi-siyasi gərginlik fonunda diqqət çəkib. Eyni zamanda, ölkədəki mühafizəkar dairələr tərəfindən Ali Lider Əli Xameneiyə qarşı iddia olunan sui-qəsd cəhdinə görə qisas çağırışlarının səsləndirilməsi də bu hadisə ilə eyni dövrə təsadüf edir.

Xatırladaq ki, daha əvvəl İsrail kəşfiyyatı İranla əlaqəli qüvvələrin Donald Trampa qarşı yeni sui-qəsd planı hazırladığı barədə ABŞ rəsmilərini xəbərdar etdiyini bildirmişdi.