Son illərdə sosial şəbəkələrin və rəqəmsal platformaların geniş yayılması ilə şəxsi məlumatların paylaşılması məsələsi daha çox diqqət mərkəzinə çevrilib. İnsanların gündəlik həyatı ilə bağlı məlumatların ictimailəşdirilməsi həm etik, həm də hüquqi baxımdan müxtəlif müzakirələrə səbəb olur. Xüsusilə şəxsi həyatın sərhədlərinin harada başladığı və hansı hallarda pozulduğu cəmiyyət üçün aktual mövzulardan biri sayılır.

Bəs qanunvericiliyə əsasən hansı məlumatların paylaşılması şəxsi həyatın toxunulmazlığının pozulması hesab olunur və bu hallarda hansı hüquqi məsuliyyət nəzərdə tutulur?

Mövzu ilə bağlı ya açıqlama verən vəkil-hüquqşünas Ruslan Mustafazadə bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində şəxsi məlumatların qanunsuz yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Onun sözlərinə görə, bu məsələ Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə tənzimlənir. Lakin qanunvericilikdə hansı məlumatların şəxsi məlumat hesab edildiyi və hansı hallarda cinayət məsuliyyətinin yarandığı tam dəqiqliklə göstərilmir: Bu məsələyə yanaşma əsasən Avropa hüququnda formalaşmış praktikaya söykənir. Avropa İnsan Hüquqları Məhkəməsinin bununla bağlı bir sıra qərarları var və həmin qərarlarda oxşar hüquqi mövqe ifadə olunub. Məhkəmə hesab edir ki, şəxsi və fərdi məlumat anlayışı hər bir şəxsə münasibətdə fərqli qiymətləndirilməlidir.

Məsələn, sadə vətəndaşlar barədə iş yeri, yaşayış ünvanı, fəaliyyəti və ya ailə münasibətləri kimi məlumatların yayılması müəyyən hallarda şəxsi həyata müdaxilə və şəxsi məlumatların yayılması kimi qiymətləndirilə bilər”.

Vəkil qeyd edib ki, ictimai şəxslərlə bağlı yanaşma fərqlidir. Şou-biznes nümayəndələri, diplomatlar, vəzifəli şəxslər və digər tanınmış simalar ictimai maraq doğurduqları üçün onlar haqqında müəyyən məlumatların yayılması hər zaman şəxsi həyata müdaxilə hesab edilmir: “Belə şəxslərlə bağlı yalnız onların şəxsi həyatına ciddi və əsassız müdaxilə edən məlumatların yayılması hüquqi məsuliyyət yarada bilər.

Azərbaycan məhkəmələri də bu kimi işlərə baxarkən beynəlxalq hüquqi təcrübəni, xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı prinsipləri nəzərə alırlar. Yəni bir müəllim haqqında şəxsi həyatı ilə bağlı görünüşcə sadə hesab edilən məlumatın paylaşılması belə bəzi hallarda şəxsi məlumatların qanunsuz yayılması kimi qiymətləndirilə bilər.

Bu səbəbdən hesab edirəm ki, insanlar, xüsusilə sosial şəbəkələrdə başqaları haqqında məlumat paylaşarkən son dərəcə diqqətli olmalıdırlar. Çünki bu cür hallara daha çox sosial media platformalarında rast gəlinir. Şəxsi məlumat kateqoriyasına aid edilə biləcək məlumatların yayılmasından çəkinmək lazımdır. Əks halda, həmin şəxslər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə cəlb oluna bilərlər”.

Oğuz Ayvaz 

“AzPolitika.info”