Ukrayna dronları ötən gecə və bu gün səhər Saratov vilayətinə hücum edib.

“AzPoltika” xəbər verir ki, bu barədə vilayət qubernatoru Roman Busargin məumat paylaşıb.

O, hücumun "Engelsdə mülki infrastruktura ziyan vurduğunu" bildirib. “Astra” kanalı şahidlərin məlumatlarına və görüntülərinə istinadla xəbər verir ki, zərbə Engels yaxınlığındakı hərbi aerodromu ("Engels-2") hədəf alıb. Nüvə silahı daşıya bilən Tu-160 və Tu-95MS strateji bombardmançı təyyarələrinin yerləşdiyi aerodromda yanğın baş verib.

Ukrayna monitorinq kanalları da Engelsdəki aerodromun vurulduğunu bildirir. “Exilenova+” yanğının təyyarə dayanacağında baş verdiyini qeyd edib. Hücum zamanı dronlardan biri hündürmərtəbəli yaşayış binasına düşüb. Bu bina Engels hərbi aerodromundan təxminən 2 km məsafədə yerləşir.

Hücumdan sonra şəhərdə elektrik kəsintiləri yaranıb.

2025-ci ilin yanvar ayında Ukrayna Engels-2-ni təchiz edən “Kristall” neft anbarına hücum etmişdi və onun söndürülməsi beş gün çəkmişdi. Mart ayında isə Ukrayna pilotsuz təyyarələrinin hücumu nəticəsində aerodromdakı hava sursatı anbarı məhv edilmişdi.

“AzPolitika.info”