İyulun 16-na keçən gecə Rusiya ordusu Ukrayna paytaxtı Kiyevə və Odessa vilayətinə növbəti hava hücumu təşkil edib. Hücumlar nəticəsində mülki itkilər və infrastruktur dağıntıları qeydə alınıb.

Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata görə, paytaxtın hədəf alınması nəticəsində 2 nəfər həlak olub, 16 yaşlı yeniyetmə də daxil olmaqla 6 nəfər yaralanıb.

Rusiya hərbçiləri Kiyevin Svyatoşinski rayonundakı anbar binalarına və Darnitski rayonundakı qeyri-yaşayış binasına zərbələr endirib. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, zərbələrdən sonra Darnitski rayonunda inzibati-anbar binasında, digər bir anbarda və yük avtomobillərində güclü yanğınlar baş verib.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper hücum dalğasının rayondan da yan keçmədiyini bildirib. Onun sözlərinə görə, Odessada yanacaqdoldurma məntəqəsinin ərazisinə ziyan dəyib, həmçinin təhsil müəssisələrindən birinin binasının damı zədələnib, şüşələri sınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Rusiya Müdafiə Nazirliyi isə Kiyevdəki hərbi-sənaye kompleksi obyektlərinə yüksək dəqiqlikli silahlarla zərbələr endirildiyini bəyan edib. Rusiya tərəfinin iddiasına görə, dronların yığılması və saxlanması ilə məşğul olan "Rapid" logistika şirkətinin müəssisəsi, həmçinin "Kiyev-1" zavodunun PUA anbarı vurulub.

Bundan əlavə, Rusiya MN Odessa və Yujnı limanlarının infrastrukturunun, Çernomorsk limanına doğru hərəkət edən quru yük gəmisinin və İlanlı adası yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinə məxsus katerin hədəf alındığını bildirib.

Ukrayna tərəfi Rusiyanın hərbi obyektlərin vurulması ilə bağlı iddialarını hələlik şərh etməyib. Rusiya Müdafiə Nazirliyinin bu açıqlamalarını müstəqil mənbələr vasitəsilə təsdiqləmək mümkün olmayıb.

“AzPolitika.info”