ABŞ-nin Yaxın Şərqlə bağlı strateji məqsədinin nədən ibarət olmasını təhlil edən zaman sual yaranır ki, Tramp həqiqətənmi İrandan yalnız nüvə layihəsindən imtina etməsini istəyir, yoxsa, müharibədə yaranmış fasilə sadəcə, iranlıların sayıqlığını itirməsi üçün atılan addımdır?
Hadisələrin xronolgiyasına və inkişaf dinamikasına nəzər yetirəndə, SEPAH güclərinin davakar bəyanatlarının və Hörmüz boğazından keçən gəmilərə atəş açmasının şahidi oluruq ki, bu da öz növbəsində İranın sülhə heç də xoş baxmaması barədə təsəvvür yaradır.
Danışıqların nəticəsinə görə, İrana tətbiq olunan sanksiyalar və neft satışına qoyulan məhdudiyyətlər tədricən götürülməliydi. İranın raket istehsalı barəsində isə hər hansı qadağadan söhbət belə getmirdi. İran öz üzərinə nüvə silahı istehsalından imtina etmək öhbəliyi götürməliydi. Bütün bunların fonunda SEPAH-ın İranın indiki ağır iqtisadi durumunda ortalığı sakitləşdirmək və sülh yaratmaq əvəzinə, ABŞ ilə savaşmaq yoluna meyllənməsi müharibənin davam etdirləməsinə maraq kimi dəyərləndirilə bilər.
Bu gün İranda strateji qərarların məhz SEPAH generalları tərəfindən verilməsi artıq sirr deyil. Mülki hakimiyyət sadəcə təsərrüfata cavabdeh olan orqan kimi fəaliyyət göstərir. Reallıq odur ki, Pezeşkian, Qalibaf və Əraqçi dövlət adından çıxış etsələr də, onların iradəsi SEPAH-a bağlıdır. İsveçrədə Pakistanın vasitəçiliyi ilə ABŞ vitse prezidenti Cey Di Venslə keçirilən danışıqlar öncəsi İran nümayəndələrinin qəribə hərəkətlərinin səbəbi onlara Tehrandan gələn təcili göstərişlərdən qaynaqlanırdı. Açıq görünrüdü ki, SEPAH-ın təzyiqi altında qalan mülki hökumət real səlahiyyətlərə malik olmayan iradəsiz quruma çevrilib.
Əslində, SEPAH-ın doğru-düzgün strategiyası da nəzərə çarpmır. Onlar gələcəkdə nələrin yaşanacağını dəqiq bilmirlər və baş verənlərə özünü qoruma refleksi ilə impulsiv reaksiya verirlər. Fikirləşirlər ki, nüvə layihəsindən əl çəkilsə və Qərblə yaxınlaşma prosesi başlasa, əllərində olan hakimiyyət təhlükə altına düşə bilər. Ancaq bir şey var ki, əgər ABŞ İranın iqtisadiyyatını və hərbi gücünü taqətdən salma strategiyası ilə çökdürərsə, onda müvafiq şəkildə SEPAH-ın da imkanları tükənəcək.
Əgər ABŞ İranın həyati vacib infrastrukturlarına dağıdıcı zərbələr endirmək planını işə salarsa, SEPAH hərbi arsenalında olan nə varsa, bölgə ölkələrinə doğru yönəldəcək. İran həmçinin, husiləri müharibəyə qoşub, Bab-əl Məndəb boğazını bağlamağa cəhd edə bilər.
ABŞ-nin İranın enerji təchizatına hücumlar etməsi ölkəni iflic vəziyyətinə sala bilər. Bəlkə də Tramp ən sərt tədbirlərə yox, nisbətən uzun çəkəcək sistemli zərbələrə üstünlük verəcək. Burada məqsəd İranın iqtisadi və hərbi potensialını tədricən məhv etmək ola bilər.
Digər yandan, ABŞ İranın Hörmüz boğazı kartını onun öz əleyhinə çevirməyə yönəlik əməliyyatlara başlayıb. Məlumdur ki, dünyada dəniz yolu ilə daşınan neftin mühüm hissəsi məhz bu dar boğazdan keçir. SEPAH qlobal miqyaslı enerji böhranı yartmaq üçün tankerlərin, yük gəmilərinin keçidinə imkan verməməklə yanaşı, Körfəz ölkələrinin neft infrastrukturuna dron və raket zərbələri endirir. Hazırda ABŞ və eləcə də onun Körfəz ölkələrindəki tərəfdaşları Hörmüzdən yan keçən alternativ marşurutlardan istifadə edirlər. Məsələn, Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəməri ilə birbaşa Qırmızı dəniz sahilində yerləşən Yanbu limanına neft yollayır. Birləşmiş Ərəb Əmirlikləri Həbşan-Füceyra neft kəməri ilə Oman körfəzinə çıxır. Əlavə olaraq, İraq-Türkiyə neft kəməri bərpa edilir. Bunlar indi fəaliyyətdə olan marşurutlardır və Hörmüz boğazındakı neft daşımasını nisbətən yünüglləşdirir. Gələcək perspektivdə Hörmüz boğazından neft və təbii qaz daşınmasına alternativ olan İsrailin Aralıq dənizi limanları ilə Körfəz ölkələrini birləşdirəcək enerji xətləri və logistika layihəsi əsasında Hindistan-Yaxşın Şərq-Avropa iqtisadi dəhlizinin gerçəkləşdirməsinə çalışılır. Sözügedən layihə reallaşsa, Babül-Məndəb boğazının da əhəmiyyəti azala bilər. Bunu isə Misir, Efiopiya, Yəmən kimi ölkələr qətiyyən arzulamırlar.
Hörmüz boğazı ətrafında meydana gələn hadislər foununda enerji böhranını zəiflətmək üçün ABŞ “LNG”(Sıxılmış Maye Qaz) ixracını genişləndirir. Qayana, Braziliya kimi yeni neft hasilatçıları da bazar paylarını əhəmiyyətli dərəcədə artırıblar.
ABŞ Hörmüz boğazı faktorunu böyük ölçüdə neytrallaşdırarsa, İranın güc nümayişi və müəyyən cavab imkanları ən məhdud səviyyəyə kimi aşağı düşəcək. Yəqin ki, Tramp İrana qarşı dağıdıcı müharibə aparmaq əvəzinə, vaxtaşırı zərbələrlə vəziyyəti tam nəzarət altına götürməyə çalışacaq. Həmin zərbələrin başlıca hədəfi nüvə proqramı ilə bağlı obyektlər, raket istehsalı müəssisələri, dron zavodları, SEPAH-a məxsus infrastrukturlar olacaq. İran dağıdılmış obyektlərini bərpa edəndən sonra ABŞ onları yəqin ki, yenidən vuracaq. Bununla da İranın zərbəyə məruz qalmış obyektlərinin işlək hala gətirilməsinə imkan verilməyəcək...
Rəqibin bu cür tükəndirilməsi metodu yeni deyil və tarixdə bunun tətbiqinə az rast gəlinmir. Ola bilsin ki, bu metod çərçivəsində ABŞ İrana qarşı maliyyə sanksiyalrını daha da sərtləşdirsin, onun beynəlxalq bank sisteminə girişini tam bolklasın, ona texnologiya və avadanlıq satan şirkətlərə qarşı sanksiyalar tətbiq etsin.
İndi ölkənin gələcək müqəddəratı ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürən SEPAH-ın önündə dayanan başlıca məsələ iqtisadiyyatın çökməsinin qarşısının alınmasıdır. Amma İranın iqtisadi resursları ağır zərbə alandan və tükənəndən sonra onun bir daha qamətini dikəltməsi çox müşkül olacaq.
Hazırda İran dərin iqtisadi çətinliklərə qərq olub və bu vəziyyət daha da ağırlaşa bilər. İranda yüksək inflyasiyamilli, valyutanın sürətlə dəyərsizləşməsi, böyük işsizlik problemi hökm sürür. Üstəlik, ölkənin ərzaq idxalından asılılığı getdikcə artır. İranın ən böyük bəlalarından biri və bəlkə də ən qorxulusu su ehtiyatlarının ildən-ilə azalmasıdır. Elə bu səbəbdən də daxildəki ərzaq istehsalı məhsuldarlığı müvafiq olaraq aşağı düşür. Nəticədə, qida məhsullarının bahalşması prosesi güclənir.
Belə görünür ki, ABŞ təkcə İranın neft-qaz ixracına əngəl törətməklə kifayətlənməyəcək və onu beynəlxalq tranzit xətlərindən məhrum etməyi planlayır. ABŞ-nin İranın Oman körfəzindəki Çabahar limanını və Gülüstan əyalətindəki Ağqala körpülərini hədəf alması buna bariz nümunədir. Həmin obyektlərə zərbələrin davam etdiriləcəyi istisna olunmur.
Bəs ABŞ hərbi təziyiqlə paralel olaraq diplomatik kanalları açıq saxlmaq üsulundan yenəmi istifadə edəcək, yoxsa fərqli metoda baş vuracaq?
Münaqişənin yenidən qızışmasından sonra tərəflərin bir daha masa arxasına keçib uzunmüddətli və dayanıqlı sülhə cəhd edəcəkləri inandırıcı görünmür. Bütün baş verənləri ümumi olaraq belə izah etmək olar: Donald Tramp müharibənin uzanmasından və mürəkkəb xarakter almasından narazılığını ifadə edə bilər, lakin bundan sonra ABŞ böyük ehtimalla İranı dəniz blokadasında saxlmaqla yanaşı, ona qarşı taqətdən salma strategiyasını tətbiq edəcək. Bu isə müharibənin hələ xeyli uzanacağı deməkdir.
Vaqif Nəsibov
“AzPolitika.info”

Şərhlər