Son 6 ay ərzində cəhbədə Ukrayna ordusunun əldə etdiyi uğurların və göstərdiyi müqavimətin arxasında hansı amillər dayanır? Bu suala cavab tapmaq üçün ölkənin rəqəmsal transformasiya naziri və müdafiə sektorundakı islahatların əsas koordinatorlarından olan35 yaşlı Mixail Fyodorovun həyata keçirdiyi köklü dəyişikliklərə nəzər salmaq lazımdır. Son dövrlər onun hədəfə alınması və vəzifədən uzaqlaşdırılması istiqamətindəki chdlərin pərdəarxası da məhz bu islahatlarla bağlıdır.

“AzPolitika” Ukrayna “Teleqram” kanallarına istinadla xəbər verir ki, Mixail Fyodorov rəhbərlik etdiyi komandanın hərbi satınalmalar sistemində apardığı anti-korrupsiya islahatları, milyardlarla qrivna qənaət və kölgə iqtisadiyyatına vurulan zərbələr barədə sensasion detalları açıqlayıb.

M. Fyodorov bildirir ki, komandası fəaliyyətə başlayan ilk gündən satınalma sistemini kökündən dəyişib: “Əvvəllər Baş Qərargah hansı şirkətlərdən və hansı məhsulların alınmalı olduğunu təkbaşına müəyyən edirdi. Biz isə qərara gəldik ki, hər kateqoriya üzrə ən keyfiyyətli 10 şirkətdən alış edilməlidir. Buna görə də hazırda dronların 80%-i bazarın lider şirkətlərindən alınır. Çünki əvvəllər cəhbədə çoxlu sayda keyfiyyətsiz məhsul var idi. Qalan 20%-lik hissə isə tamamilə açıq tenderlər vasitəsilə tədarük olunur”.

İslahatların ikinci mərhələsində açıq tender sisteminə keçid baş tutub. İlk olaraq 155 mm-lik artilleriya mərmilərinin satınalınması tenderə çıxarılıb.

“Şirkətlərdən biri əvvəlcə bu tenderə qarşı çıxırdı, amma sonda iştirak etmək məcburiyyətində qaldı və hər mərminin qiymətini 1000 dollar aşağı saldı. Təkcə artilleriya mərmilərinin alışında dövlət büdcəsinə 100 milyon dollardan çox vəsait qənaət etdik”, - deyə nazir bildirib.

Növbəti addım olaraq Ukrayna ordusu üçün 160 min ədəd orta mənzilli zərbə dronunun alınması üçün irimiqyaslı tender elan edilib və prosesə 59 şirkət qatılıb: “Bu, bizim rəqabət üstünlüyümüzdür. Təxminən 20-30% qənaət gözləyirik. Büdcə 20 milyard qrivnadan (təqribən 500 milyon dollar) çox olduqda, 20%-lik qənaət nəhəng bir məbləğ deməkdir. Biz bu sərbəst qalan vəsaiti cəbhənin digər mühüm istiqamətlərinə yönəldə bilərik”.

Ukrayna Müdafiə Nazirliyi xarici tərəfdaşlarla birbaşa müqavilə bağlayan bir sıra yerli şirkətlərin fəaliyyətini dayandırıb. Fyodorovun sözlərinə görə, o, vəzifəyə gələrkən dövlət maraqlarına zidd olan bu cür gizli sövdələşmələrdən xəbərsiz olub: “Bəli, bununla bəzi nüfuzlu şirkətlərin biznes strategiyasını və gəlir planlarını pozduq. Amma dövlət olaraq biz artıq anbarlarımızda kifayət qədər ehtiyatı olan mərmiləri yenidən almağa necə göz yumun bilərdik? Halbuki tamamilə fərqli növ mərmilərdə ciddi çatışmazlıq yaşayırdıq”.

Həmçinin dərin zərbə dronları və FPV dronları üzrə keçirilən tenderlər həm dövlət büdcəsinə böyük qənaət gətirib, həm də şirkətlər arasında azad rəqabət mühiti yaradıb.

Nazir hərbi sektordakı korrupsiyanın miqyasının dəhşətli olduğunu gizlətmir. Onun sözlərinə görə, Müdafiə Nazirliyində elə departament rəhbərləri var idi ki, onları vəzifəyə faktiki olaraq konkret özəl hərbi şirkətlər və oliqarxlar təyin etdirmişdi: “Biz bu şəxsləri sistemli şəkildə müəyyən edərək bir-bir vəzifədən azad etməyə başladıq”.

Fyodorov korrupsiya şəbəkəsinin ifşası ilə bağlı konkret bir hadisəni də bölüşüb: “Bir dəfə konkret bir şirkətlə birbaşa müqavilə bağlanması məsələsi müzakirə olunurdu. İqtisadi Təhlükəsizlik Bürosundan (BEB) rəsmi məktub aldıq ki, həmin şirkətin mənfəət marjası fantastik həddədir – 200-300% təşkil edir. Şirkət isə Ukraynadan kənarda yaşayan tanınmış bir oliqarxa məxsus idi. Baş Qərargahla dərhal müzakirə aparıb həmin şirkəti siyahıdan çıxardıq. Lakin qısa müddət sonra bəlli oldu ki, bu qapalı müşavirədə danışılanlar artıq bazarda hamıya məlumdur. Daxildə satqınların olduğunu anladıq. Dərhal poliqraf (yalan detektoru) yoxlaması keçirdik və məlumatı kənara sızdıran şəxsləri müəyyən edərək sistemdən uzaqlaşdırdıq”.

Ekspertlərin fikrincə, Mixail Fyodorovun rəhbərliyi altında həyata keçirilən bu radikal islahatlar Ukrayna hərbi sənayesində uzun illər kök salmış kölgə və korrupsiya şəbəkələrinin milyardlarla dollarlıq qanunsuz qazanclarına birdəfəlik son qoyub. Məhz bu səbəbdən, həm ölkə daxilindəki korrupsioner məmurlar, həm də onlarla şərik olan lobbi qrupları Fyodorovu hədəfə alaraq, onu vəzifədən uzaqlaşdırmağa və köhnə, idarəolunan satınalma sxemlərini bərpa etməyə çalışırlar.

Lakin bu islahatların dayandırılması həm Ukrayna büdcəsinə ağır zərbə vura, həm də cəbhədəki hərbi təminatı birbaşa təhlükə altına sala bilər.

Rasim Əliyev

“AzPolitika.info”