Artan qlobal geosiyasi qeyri-müəyyənlik fonunda London Azərbaycanla münasibətləri daha fəal şəkildə inkişaf etdirməlidir. 

"AzPolitika" xəbər verir ki, bu bəyanatla Britaniya parlamenti İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Blakmen çıxış edib. 

Onun rəsmi stenoqramında (Hansard) qeyd olunur ki, Bakıya etdiyi son səfər Azərbaycanın Britaniya üçün strateji enerji tərəfdaşı və Cənubi Qafqazda sabitlik faktoru kimi mühüm əhəmiyyətini bir daha təsdiqləyib. B. Blakmen vurğulayıb ki, Rusiya və Yaxın Şərqdən keçən ənənəvi marşrutlardakı fasilələr Azərbaycanın Orta Dəhliz vasitəsilə Avropa və Asiyanı birləşdirən nəqliyyat və aviasiya qovşağı (habı) kimi rolunu əhəmiyyətli dərəcədə artırıb.

Parlamentari 2025-ci ildə imzalanmış strateji tərəfdaşlıq sazişinin operativ şəkildə reallaşdırılmasına çağırıb. B. Blakmenin fikrincə, ticarət, investisiya, müdafiə, təhsil və rəqəmsallaşma sahələrində əməkdaşlığı daha da dərinləşdirmək lazımdır.

Səfər çərçivəsində minalarla çirklənmiş ərazilərə də baş çəkən deputat, Azərbaycanın azad edilmiş torpaqların minalardan təmizlənməsi və bərpası istiqamətindəki səylərinə tam dəstəyini ifadə edib:

"Britaniya və Azərbaycan artıq möhkəm tərəfdaşlıq əlaqələrinə malikdir. İndi qarşıda duran əsas vəzifə siyasi əlaqələrimizi onların artan strateji əhəmiyyətinə uyğunlaşdırmaq, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasına kömək etməyə davam etməkdir", — deyə Blakmen fikrini yekunlaşdırıb.

"AzPolitika.info"