Azərbaycanda psixoloji dəstəyə ehtiyac barədə məlumatlılıq artsa da, insanların əhəmiyyətli hissəsi hələ də psixoloqa müraciət etməyə tərəddüd edir. Bəziləri bunu yalnız ağır psixoloji problemləri olan şəxslər üçün nəzərdə tutulan xidmət hesab edir, digərləri isə qiymətlərin yüksək olması və etibarlı mütəxəssis seçiminin çətinliyini əsas gətirir.
Azərbaycanda insanların psixoloqa müraciət etməsinə ən çox hansı amillər mane olur? Xidmət haqlarının yüksək olması daha böyük problemdir, yoxsa cəmiyyətdə hələ də qalmaqda olan stereotiplər?
Mövzu ilə bağlı “AzPolitika”ya danışan sosioloq Nail Cəlil bildirib ki, ümumilikdə psixoloq xidməti yüksək peşə hazırlığı və peşəkar yanaşma tələb edir. Hər kəsin psixoloq olması mümkün deyil. Bu baxımdan Azərbaycanda xidmət bazarında daha çox dəb xatirinə fəaliyyət göstərən psixoloqların üstünlük təşkil etməsi cəmiyyətdə müəyyən tərəddüdlər yaradır.
Onun sözlərinə görə, ümumilikdə psixologiyaya və psixoloqlara müraciət edənlərin sayı kifayət qədərdir: “Bununla yanaşı, nəzərə almaq lazımdır ki, hər bir insan müəyyən mənada özü üçün psixoloq rolunu oynayır. Son dövrlərdə süni intellektin sosial fəaliyyət sferasına inteqrasiyası və sosial-psixoloji xidmətlərin peşəkarlıq səviyyəsinin yüksəlməsi insanları daha müstəqil qərarlar qəbul etməyə sövq edir.
Psixoloji xidmətlərin bahalı olması heç də mənfi hal deyil. Çünki hər hansı xidmətin keyfiyyətli göstərilməsi üçün onun təminatına uyğun xərclər çəkilməlidir. Adətən sosial psixoloqların, psixoloqların və sosial işçilərin fərdi psixoloji xidmətlərinin bir seansının qiyməti 50 manatdan aşağı olmur. Bəzi hallarda bu məbləğ 300 manata qədər yüksələ bilər ki, bu da başadüşüləndir. Əgər mütəxəssis öz vaxtını sərf edir və onun xidmətinə yüksək tələbat varsa, xidmət bazarında onun fəaliyyəti daha yüksək qiymətləndirilir. Bu vəziyyəti obyektiv tələbat formalaşdırır”.
Nail Cəlilin fikrincə, psixoloji xidmətlərin qiymətini süni şəkildə, məsələn, 20 manata endirmək həmin xidmətə etimadın azalmasına səbəb ola bilər: “İnsanlarda belə bir fikir yarana bilər ki, əgər xidmət bu qədər ucuzdursa, deməli, onu ödənişsiz də almaq mümkündür. Bu isə daha çox subyektiv yanaşmadan irəli gəlir. Ona görə də qiymət məsələsi nisbi və subyektiv xarakter daşıyır.
Demək olar, hər bir peşəkar psixoloq müəyyən sayda ödənişsiz seanslar da həyata keçirir. Məqsəd potensial müraciət edən şəxslərin göstərilən xidmətin keyfiyyətini və dəyərini qiymətləndirə bilmələridir”.
Sosioloq başqa bir vacib məqama da diqqət çəkib. Onun sözlərinə görə, son dövrlərdə ixtisası uyğun olmayan şəxslərin özlərini müxtəlif sahələr üzrə mütəxəssis kimi təqdim etməsi halları artıb: “Məsələn, kimya üzrə mütəxəssisin özünü ailə problemləri üzrə ekspert kimi təqdim etməsi, orta məktəb təhsili olan şəxsin özünü psixoloq kimi tanıtması, sanitariya sahəsində çalışan birinin özünü sosial işçi kimi göstərməsi və ya sosiologiya haqqında elementar biliyi olmayan şəxsin politologiya üzrə peşəkar kimi çıxış etməsi yanlış tendensiyadır. Bu istiqamətdə ciddi maarifləndirmə işləri aparılmalıdır.
Bir çox insanlar sosioloqla sosial işçinin fərqini, eləcə də sosiologiya ilə politologiya arasındakı əlaqəni bilmirlər. Psixologiyaya yalnız dəb kimi yanaşan və məsələnin mahiyyətini düzgün qiymətləndirməyən şəxslər də psixoloqa müraciət etməyin əhəmiyyətini tam dərk edə bilmirlər”.
Oğuz Ayvaz
“AzPolitika.info”

Şərhlər