Xəbər verildiyi kimi Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında mühüm ikitərəfli görüş keçirilib. Görüşün əsas yekunu olaraq tərəflər iki ölkə arasındakı münasibətlərin tam normallaşdığını və son aylarda yaranmış fasilənin aradan qaldırıldığını elan ediblər.

Rusiya mətbuatının yazdığına görə, danışıqlar zamanı ikitərəfli əlaqələrin müttəfiqlik xarakteri daşıdığı bir daha bəyan edilib və əməkdaşlığın bütün istiqamətlər üzrə bərpa olunduğu vurğulanıb.

Görüşün əsas önəmli məqamlarına gəlincə, tərəflər avia uçuşların bərpasına dair razılığa gəliblər. Yaxın vaxtlarda Azərbaycan ilə Rusiya arasında müxtəlif istiqamətlər üzrə birbaşa aviareyslərin bərpa olunması planlaşdırılır.

Xatırladaq ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib ki, 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması (əslində, Rusiya tərəfindən vurulması-red.) ilə bağlı yaranmış bütün məsələlər tam həllini tapıb və tərəflər bu insidentlə bağlı iki ay əvvəl birgə bəyanat yayıblar.

Görüşdə nazirlər 2022-ci ilin fevralında imzalanmış Moskva Bəyannaməsinin potensialını tam reallaşdırmaq istiqamətində irəlilədiklərini bildiriblər. Sergey Lavrov Prezident İlham Əliyevin münasibətlərin tam normallaşması ilə bağlı son açıqlamalarının Moskva tərəfindən müsbət qarşılandığını diqqətə çatdırıb.


İqtisadi göstəricilərə gəlincə, nazir Ceyhun Bayramov bildirib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,5% artaraq 4,9 milyard dollara çatıb. Sentyabr ayında isə Baş nazirin müavinləri Şahin Mustafayev və Aleksey Overçukun iştirakı ilə iqtisadi-ticarət məsələləri müzakirə ediləcək.

Nəqliyyat layihələrinə gəlincə, Bakı üçün "Şimal–Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin böyük əhəmiyyət daşıdığı, İranın Astara şəhərində yerləşən dəmir yolu terminalının tikintisinin 98% tamamlandığı bildirilib. Azərbaycan 2028-ci ilə qədər öz ərazisindən keçən yük daşımalarının həcmini 5 milyon tona çatdırmağı hədəfləyir.

Ceyhun Bayramov həmçinin regionda faktiki sülhün mövcud olduğunu və Ermənistanla sülh sazişi layihəsinin paraflanmasının region üçün uzunmüddətli sabitlik baxımından unikal imkan yaratdığını qeyd edib. Onu da qeyd edək ki, regional "3+3" əməkdaşlıq formatının aktuallığı hər iki nazir tərəfindən vurğulanıb.

Beləliklə, Moskva görüşünün nəticələri göstərir ki, son dövrlərdə Azərbaycan-Rusiya münasibətlərində hökm sürən gərginlik və diplomatik durğunluq mərhələsi rəsmən arxada qalır. Tərəflərin qarşılıqlı maraqlar kontekstində prosesləri normallaşdırma nöqtəsinə gətirməsi həm regional təhlükəsizlik arxitekturası, həm də iqtisadi-logistik perspektivlər baxımından ciddi şəkildə təhlil edilməlidir.

Məlum olduğu kimi 2024-cü ilin dekabrında AZAL təyyarəsinin Rusiya HHM tərəfindən vurulması iki ölkə münasibətlərinə ciddi kölgə salmış, uçuşların dayandırılması və siyasi təmasların müəyyən qədər seyrəlməsi ilə nəticələnmişdi. Ceyhun Bayramovun da bəyan etdiyi kimi, münasibətlərdə çətinliklər mövcud olsa da, bu məsələnin artıq hüquqi və diplomatik masada birdəfəlik bağlanması tərəflərin bir-biri üçün vacib tərəfdaş olduğunu nümayiş etdirir. Aviareyslərin yaxın vaxtlarda bərpası isə sadəcə humanitar əlaqələrin bərpası deyil, həm də iki paytaxt arasında siyasi etimad mühitinin yenidən bərqərar olmasının vizual göstəricisidir.

Mövcud qlobal geosiyasi şəraitdə Rusiya üçün cənub bazarlarına və neytral tranzit xətlərinə çıxış həyati əhəmiyyət kəsb edir. Azərbaycan isə regionun əsas logistik habına çevrilmək strategiyasını uğurla icra edir.

Astara terminalının 98% hazır olması və Bakının 2028-ci il üçün yükdaşıma həcmini 5 milyon tona çatdırmaq öhdəliyi, "Şimal-Cənub" Dəhlizinin yaxın illərdə tam gücü ilə işləyəcəyini göstərir. Zərurət yaranarsa, Azərbaycanın bu xəttin ötürücülük qabiliyyətini daha da artırmaq potensialı mövcuddur.

Qeyd olunduğu kimi ticarət dövriyyəsində artım dinamkası davam edir. Siyasi müstəvidə yaranmış fasilələrə baxmayaraq, ticarət dövriyyəsinin 4,9 milyard dollara çatması iqtisadi inteqrasiyanın fundamental dayaqlara sahib olduğunu təsdiqləyir. Sentyabrda keçiriləcək Mustafayev-Overçuk görüşü bu dinamikaya əlavə təkan verəcək.

Görüşün digər mühüm tərəfi regiondakı yeni status-kvonun Rusiya tərəfindən tam qəbul edilməsidir. Azərbaycan XİN rəhbərinin 2020-ci il müharibəsindən sonra formalaşan təhlükəsizlik mühitinə, regionda faktiki sülhün mövcudluğuna və Ermənistanla sülh sazişi layihəsinin paraflanması prosesinə diqqət çəkməsi Bakının regional gündəliyi uğurla idarə etdiyinin göstəricisidir. 

Qərbin regiona nüfuz etmək cəhdlərinin gücləndiyi bir vaxtda, regional platformaların ("3+3") aktuallığının qorunması həm Bakı, həm də Moskva üçün kənar müdaxilələri minimuma endirmək baxımından praqmatik seçim kimi görünür.

Yekun olaraq qeyd edək ki, Azərbaycan və Rusiya 2022-ci il Moskva Bəyannaməsinin prinsiplərinə sadiq qaldıqlarını nümayiş etdirməklə, post-böhran dövrünə qədəm qoyurlar. Perspektivdə rəsmi Bakı özünün balanslaşdırılmış və milli maraqlara əsaslanan müstəqil xarici siyasət xəttini qorumaqla yanaşı, Rusiya ilə iqtisadi-logistik layihələrdən maksimum dividend götürməyə çalışacaq. Rusiya isə Qafqazda regional sabitliyin qorunmasında və nəqliyyat blokadasından yayınmaqda Azərbaycanı ən etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi qəbul etmək reallığı ilə hərəkət etdiyini nümayiş etdirməyə çalışır. 

Ancaq Moskvanın verilən sözlərə nə qədər sadiq qalacağını, qarşılıqlı əməkdaşlığa əsaslanan siyasəti nə qədər davam etdircəyini zaman göstərəcək.

E.Rüstəmli

“AzPolitika.info”