Putinə yaxın milyarderlər pullarını Rusiyadan çıxarmağa başlayıb

Ukraynaya qarşı işğalçılıq müharibəsinin beşinci ilində nə özünü “dünyanın ikinci ordusu” sayan Rusiya ordusu, nə də “səndələməyə” başlayan Rusiya iqtisadiyyatı rusiyalıları sevindirə bilmir. Əksinə, sıravi vətəndaşlarda, xüsusilə də biznes mühitində yaxınlaşan fəlakət hissi artır.

Rusiyada yaranmış durumla bağlı “The Moscow Times”-da dərc edilən məqalədə mütəxəssislərə və Kremlə yaxın mənbələrə istinadla qeyd edilir ki, nəinki adi rusiyalıların bir qismi, hətta Kremlə, Putinə yaxın elitanın nümayəndələri belə ölkəni tərk etməyə çalışırlar.

Yazıda bildirilir ki, Rusiya fond bazarı ötən həftəni növbəti dəfə mənfi nəticə ilə bağlayıb. Rusiyanın ən böyük 46 şirkətinin səhmlərini özündə birləşdirən Moskva Birjası İndeksi 8,72% azalaraq 1958,4 bala düşüb və bu, 2022-ci ilin oktyabr ayından bəri ən aşağı göstəricidir: “Başa çatan həftə üzrə bazar enişi, Kremlin "qismən səfərbərlik" elan etdiyi 2022-ci ilin sentyabr ayının son həftəsindən bəri ən kəskin enişdir. “Kit Finance” analitiklərinin fikrincə, 18 həftəlik eniş seriyası 1997-ci ildən bəri ən uzunmüddətli eniş dövrüdür. Cəmi bir neçə ay ərzində kapitallaşmasının təxminən 30%-ni itirən bazar 10 il(!) geriyə düşüb: 2016-cı ilin yayındakı eyni səviyyələrə - Moskva Birjası İndeksində 1900-2000 bala çatıb. "Satışın miqyası artıq lokal korreksiyanı deyil, Rusiya aktivlərinin tam yenidən qiymətləndirilməsini göstərir", - “Finam” strateqi Yaroslav Kabakov qeyd edir”.


Nəşr rəsmi statistika əsasında bidirir ki, ki, iyulun əvvəlindən bəri Qazprom səhmləri 21%, VTB 21,1%, Surqutneftegaz 20,8% və Magnit 19,6% ucuzlaşıb. Severstal səhmləri 17%, Norilsk Nikel 24%, Aeroflot 26,7% və MTS 28% ucuzlaşıb. Rusiyanın ən böyük qızıl hasilatı şirkəti olan Polyus iki həftədə dəyərinin 53%-ni(!) itirib. Sberbank və Rosneft ayın əvvəlindən bəri 10% ucuzlaşıb: “Geosiyasət, sanksiyalar təhdidi və yanacaq böhranı səbəbindən Mərkəzi Bankın faiz dərəcəsini artıracağı gözləntiləri bazara təsir göstərir. Lakin dolayı əlamətlərə əsasən, “Kit Finance” yazır ki, burada başqa bir amil də var - gizli təklif artımı: bəzi böyük investorlar sistematik olaraq Rusiyadakı aktivlərindən yaxa qurtarırlar. Vladimir Putinə yaxın olanlar da daxil olmaqla, rusiyalı milyarderlər son aylarda Rusiyadan aktiv şəkildə pul çıxarırlar. Onlar iqtisadi vəziyyətin pisləşməsindən, bank sistemindəki problemlərdən və büdcə kəsirini ödəmək üçün öz aktivlərinin müsadirə edilməsindən qorxurlar.

“R.Politik”-in təsisçisi Tatyana Stanovaya yazır ki, elitalar arasında yaxınlaşan fəlakət hissi artır: resurslar tükənir və getdikcə daha çox sahələrdə biznes aparmaq qeyri-mümkün hala gəlir. O hesab edir ki, yanacaq böhranı, cəbhədəki itkilər və iqtisadi çətinliklər, Vladimir Putini barışığa deyil, eskalasiyaya sövq edəcək. Bu isə əvvəllər blef kimi görünən ssenarilərin mümkünlüyünü artırır.

"Hamımızın düşdüyü iqtisadi çöküş fond bazarında qurbanlar tələb edir", - deyə "İvolga Capital"ın baş direktoru Andrey Xoxrin qeyd edir: iqtisadi artım faktiki olaraq dayanıb (yanvar-may ayları üçün 0,2%), mülki sənaye sahələri düşür və investisiyalar 2009-cu ildən bəri rekord səviyyəyə enib. Əsas göstəricilər iqtisadiyyatın iyul ayında tənəzzülə girəcəyini və bunun uzun müddət davam edəcəyini göstərir. Hətta hökumətə bağlı CMACS beyin mərkəzinin mütəxəssisləri belə proqnozlaşdırırlar ki, bu çöküş çox güman ki, ən azı bir il davam edəcək”.

Göründüyü kimi, Rusiya hakimiyyəti faktiki olaraq özünün seçdiyi, vaz keçmək istəmədiyi və hazırda heç cür altından çıxa bilmədiyi imperiyaçılıq və işğalçılıq siyasəti ilə Rusiyanın iqtisadi, siyasi, hətta coğrafi varlığını ciddi təhlükə altında qoymaqdadır. Belə çıxır ki, “hər şey plan üzrə gedir” deməyi sevən Putinin planının əsas məqsədlərindən biri məhz elə budur…

Cəlal Məmmədli

“AzPolitika.info”