Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Rakuv" klubuna transferi yekunlaşmaq üzrədir.

"Report"un əldə etdiyi məlumata görə, 29 yaşlı hücumçu hazırda Ekstraklasa təmsilçisində tibbi müayinədən keçir.

Onun bu kluba keçidi gün ərzində və ya sabah açıqlanacaq. Çenstoxova şəhərinin təmsilçisi ötən mövsüm çempionatda dördüncü yeri tutaraq UEFA Konfrans Liqasına vəsiqə qazanıb. Komanda bu turnirin II təsnifat mərhələsində Maltanın "Valletta" kollektivi ilə üz-üzə gələcək.

Xatırladaq ki, azərbaycanlı forvard son olaraq Almaniyanın "Kayzerslautern" komandasının formasını geyinib. M.Emreli 2021/2022 mövsümünün ilk yarısında Polşada "Legiya"nın uğurları üçün çalışıb.

***

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubundan Polşa təmsilçisi "Rakuv"a keçir.

Bu barədə Almaniyanın "n-tv.de" nəşri məlumat yayıb.

29 yaşlı hücumçu Çenstoxova şəhərinə yollanıb.

Xatırladaq ki, Mahir Emreli 2025-ci ilin yayında "Nürnberq"dən "Kayzerslautern"ə transfer olunub.