İyulun 19-na keçən gecə Ukrayna hərbçiləri Rusiyanın bir neçə regionuna irimiqyaslı pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. Hücumlar nəticəsində sənaye və logistika obyektlərinə, o cümlədən beynəlxalq neft nəqli infrastrukturuna ciddi ziyan dəyib.

“AzPolitika” xəbər verir ki, bu barədə yerli rəsmilər, regional KİV-lər və OSINT analitikləri məlumat yayıb.

Stavropol diyarının qubernatoru Vladimir Vladimrov PUA hücumu nəticəsində sənaye obyektlərində yanğınların baş verdiyini təsdiqləyib: "Sənaye obyektlərindəki yanğınlar səbəbindən tezalışan materiallar detonasiya edir – partlayış səsləri Stavropoldan da eşidilir. Hazırda sakinlərin həyatı və sağlamlığı üçün təhlükə yoxdur. Vəznik xutorunda təhlükəsizlik tədbiri olaraq yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib".

"Astra" nəşrinin OSINT analitiklərinin məlumatına görə, Stavropol və onun ətrafında üç neft bazasında yanğın baş verib. Bunların arasında "Rosneft"in Vəznik xutorundakı neft bazası və "Lukoyl"a məxsus Stavropol neft bazası da var. Zərərçəkənlər barədə məlumat verilmir.

Novorossiysk yaxınlığında isə PUA-lar Xəzər Boru Kəməri Konsorsiumunun (XBK) dəniz terminalına hücum edib. Şirkətin yaydığı məlumata görə, hücum zamanı iki böyük neft tankeri zədələnib: Liberiya bayrağı altında üzən "ASIA" və Marşal adaları bayraqlı "NISSOS IOS".

"ASIA" tankerində yanğın baş verdiyi bildirilir. Şirkət rəsmiləri ekipaj üzvləri və terminal əməkdaşları arasında xəsarət alanların olmadığını, dənizə neft sızmasının qarşısının alındığını bəyan ediblər. Qeyd edək ki, bu, Qazaxıstan, Rusiya və Qərb şirkətlərinin şərik olduğu beynəlxalq konsorsiumun Rusiya ərazisindəki obyektlərinə edilən ilk zərbə deyil.

Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn bəyan edib ki, Kursk şəhərində PUA-lar çoxmərtəbəli yaşayış binalarına dəyib. Bir binanın girişində üç yuxarı mərtəbənin mənzilləri dağılıb, digər ünvanlarda binaların fasadları zədələnib və bir mənzildə yanğın çıxıb. Sakinlər təxliyə olunub, bir nəfərin yaralandığı bildirilir.

Vilayətin Lgov şəhərində isə zərbələr sərnişin avtobusuna, ərzaq mağazasına və dayanacağa düşüb. Avtobusun sürücüsü və mağazanın yaxınlığında duran bir mülki şəxs yaralanıb.

Rusiya Müdafiə Nazirliyi bazar günü gecə saatlarında ümumilikdə 140 Ukrayna dronunun vurulduğunu iddia etsə də, neçə PUA-nın hədəfə çatdığı barədə məlumat verməyib.

“AzPolitika.info”