Rusiyada müharibəni dəstəkləyən, lakin Kremlin hərbi-siyasi rəhbərliyini kəskin tənqid edən “Z-bloqerlər”in növbəti həbsi reallaşıb. Rusiya mətbuatının yaydığı məlumata görə, tanınmış “Z-bloqer” Georgi Zakrevski terrorizmin təbliğatında ittiham edilərək saxlanılıb.
"AzPolitika" xəbər verir ki, G. Zakrevski 2014-cü ildən bəri Donbasda Ukraynaya qarşı döyüşüb, həmçinin Rusiya ordusunun Suriya və Livandakı hərbi əməliyyatlarında iştirak edib. O, Ukrayna əsgərlərinə qarşı ən radikal qisas çağırışları ilə tanınsa da, son dövrlər Rusiya Prezidenti Vladimir Putini və Müdafiə Nazirliyini hədəf alan sərt çıxışları ilə diqqət mərkəzində idi. Məhz Kremlə qarşı bu kəskin mövqeyinə görə o, ağır ittihamlarla dəmir barmaqlıqlar arxasına göndərilib.
Zakrevskinin həbsinə səbəb olan və Rusiya cəmiyyətində ciddi əks-səda doğuran son videoçıxışında ölkədəki vəziyyəti "böyük fəlakət" kimi qiymətləndirib.
Həmin çıxışdan mühüm hissələri təqdim edirik: “Ölkəmiz elə bir vəziyyətdə deyil ki, guya yalnız fəlakətin astanasında olsun və ya ona yaxınlaşsın. Ölkəmiz artıq fəlakətin içindədir. Böyük bir fəlakətin. PUA-lar Rusiyanın bütün mərkəzi hissəsində, hətta Moskva və Sankt-Peterburqa qədər uçur. Onlar hətta Kremlə də hücum ediblər. Qara dəniz donanmamız məhv edilir. Elə bil ki, biz böyük donanmaya malik qüdrətli dövlət yox, gəmilərini istədikləri kimi sıradan çıxara bildikləri üçüncü dərəcəli bir ölkəyik. Aviasiyamız da demək olar ki, fəaliyyət göstərə bilmir, çünki o da sıradan çıxarılır. Biz iki ildən artıq əvvəl çatdığımız mövqelərdə qalmışıq, hətta bəzi yerlərdə iki ildən çox əvvəl geri çəkildiyimiz mövqelərə qayıtmışıq”.
Bloqer ölkə daxilindəki sosial-iqtisadi böhrana və demoqrafik problemlərə də toxunaraq Putini birbaşa ittiham edib: “Xalq azalır, yoxsullaşır, alkoqolizmin yayılması artır, heç kimin isə buna əhəmiyyət verdiyi yoxdur. Yeganə etdikləri miqrantları ölkəyə gətirməkdir. Bütün bunları isə özünü böyük prezident kimi təqdim edən Putin edib”.
Zakrevski cəbhədəki real vəziyyətdən bəhs edərək ordunun komanda heyətini ifşa edib və döyüşçüləri birləşməyə çağırıb: “Bir daha döyüş xəttində, səngərlərdə olanlara müraciət edirəm. Siz orada baş verən biabırçılığı çox yaxşı bilirsiniz. Həm hərbi əməliyyatların necə aparıldığını, həm də komandanlığın fəaliyyətini yaxşı görürsünüz. Döyüş bölgəsinə cəmi üç saatlıq gəlib döyüş iştirakçısı vəsiqəsi alan, döyüşlərdə iştirak etmədən üç dəfə “İgidlik” ordeni alan, tabeliyindəki bölmələri itirən həmin kabinet generallarını da yaxşı tanıyırsınız. Mükafatları konfet kağızı kimi paylayırlar, hətta ən nüfuzlu təltifləri belə – “İgidlik” ordenini və “Qəhrəman” ulduzunu. Bu yolverilməzdir. Biz hamını ölkəmizi xilas etmək üçün bizim ittifaqımıza qoşulmağa çağırıq. Geri dönüş nöqtəsi artıq keçilib”.
Ekspertlər qeyd edirlər ki, Rusiyada "Z-bloqerlər" və hərbi müxbirlər (voenkorlar) arasında Kremlin hərbi uğursuzluqlarını tənqid edənlərə qarşı repressiya dalğası getdikcə güclənir və Zakrevskinin həbsi bu zəncirin növbəti halqasıdır.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər