Rusiyanın Ukraynaya qarşı müharibəsinin növbəti mərhələsi 1980-ci illərdəki İran-İraq müharibəsi zamanı baş verən "şəhər müharibəsi"nə bənzər şəkildə şəhərlərə genişmiqyaslı hücumlara çevrilir.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya hərbi dairələrindəki mənbə “The New Yorker” nəşrinə bildirib. Mənbə qeyd edib ki, Rusiya artıq müharibənin yeni reallıqlarına hazırlaşmaq məcburiyyətindədir.
Xatırladılır ki, həmin vaxtlar İran və İraq cəbhə xəttində həlledici uğur qazana bilmədikləri üçün bir-birinin şəhərlərinə kütləvi raket zərbələri endirməyə başlamışdılar. Nəticədə minlərlə mülki şəxs həlak olmuşdu. Hazırda eyni proses Ukrayna savaşında müşahidə edilməyə başlayır.
Mənbənin sözlərinə görə, Ukrayna zatən uzun müddətdir ki, Rusiyanın bu cür hücumları ilə yaşayır, Rusiya üçün isə bu, yeni bir reallığa çevrilir.
"Onlar buna öyrəşiblər. Biz isə bununla ilk dəfə qarşılaşırıq" – Rusiya ordusundakı mənbə bildirib.
“The New Yorker” qeyd edir ki, müharibə hazırda əsasən iki cəbhədə aparılır: quruda - əsasən Rusiyanın irəliləməsinin yavaşladığı Donbasda və havada - hər iki tərəfin dronlardan və uzaqmənzilli silahlardan istifadə etdiyi məkanda. Ukrayna dron istehsalını əhəmiyyətli dərəcədə artırıb və Rusiya anbarlarına, logistikasına, hava hücumundan müdafiə sistemlərinə, neft infrastrukturuna getdikcə daha tez-tez hücumlar etməyə başlayıb.
Rusiyanın keçmiş üstünlükləri - uzaq mənzilli və strateji dərinlik, indi onun zəif nöqtəsinə çevrilib. Çünki Rusiyanın öz geniş ərazilərini qorumaq üçün kifayət qədər hava hücumundan müdafiə vasitələri yoxdur.
Eyni zamanda, ekspertlər qeyd edirlər ki, Ukraynada da tam gücü ilə işləyən, çoxqatlı hava hücumundan müdafiə sistemi yoxdur. Onların hərbi vasitələri və imkanları bütün ballistik raketləri və yeni tip Rusiya dronlarını ələ keçirmək üçün kifayət deyil.
Beləliklə, nəşrin də qeyd etdiyi kimi, cəbhənin demək olar ki, tərpənmədiyi və heç bir hərbi uğur perspektivinin olmadığı bu müharibə sadəcə, qarşılıqlı tükəndirmə savaşına, mülki infrastrukturun, iqtisadiyyatın məhvinə və dinc əhalinin qətliamına çevrilməkdədir. Lakin bütün bunlar Kremli az maraqlandırır, Vladimir Putin isə bir qərarı ilə bu qanlı müharibəni dayandırmaq əvəzinə, “hər şey plan üzrə gedir” görüntüsü yaratmaqda davam edir…
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər