Futbol dünyası İspaniya və Argentina yığmaları arasındakı görüşdə Lionel Messi ilə Mark Kukurella arasında yaşanan qeyri-adi insidenti danışır. Oyun zamanı baş verən hadisə, argentinalı superulduzun rəqib oyunçunu meydandan qovdurmaq cəhdinə dair böyük müzakirələrə səbəb olub.

"AzPolitika" xəbər verir ki, məsələnin kökündə, yeni qaydalara əsasən rəqib oyunçu ilə ağzını bağlayıb danışmağa görə birbaşa qırmızı kart verilməsi durur. Xəbərə görə, bir epizoddan sonra Kukurella Messiyə yaxınlaşaraq onunla fikirlərini bölüşmək istəyib. Bu zaman o, təxminən bir saniyəlik əlini ağzına tutsa da, dərhal geri çəkib.

Lakin Messi bu hərəkəti görməzdən gəlməyib və dərhal oyunun baş hakimi Vinçiçə doğru gedərək Kukurelladan şikayət edib. Argentinalı kapitanın bu cəhdi, qarşı tərəfin futbolçusunu qırmızı kartla cəzalandırmağa nail olmaq məqsədi güdürdü. Lakin VAR (Video Assistant Referee) sistemindən hakimə hər hansı bir siqnal gəlmədiyi üçün hadisəyə müdaxilə olunmayıb və oyun davam edib.

Hadisə baş verdikdən sonra futbol mütəxəssisləri və əfsanələri Messinin bu addımına sərt reaksiya veriblər.

İngiltərə millisinin sabiq üzvü və futbol spikeri Li Dikson bu hərəkəti kəskin tənqid edərək bildirib: “Bu dərəcədə uşaqlıq etmək gülüncdür”.

Digər bir İngiltərə əfsanəsi Ueyn Runi isə Messinin bu cəhdini "ümidsizlik çırpıntısı" adlandırıb: “Bu, ümidsizlikdir. Argentina məhz belə oynayır, biz bilirik ki, onlar belə oynayırlar”.

Keçmiş qapıçı Co Hart da bu hərəkətdən narahatlığını gizlətməyərək Messinin bu addımının İspaniyanın nə dərəcədə dominantlıq etdiyini göstərdiyini vurğulayıb: “Oho! Vau! Lionel Messinin bu hərəkəti mənim heç xoşuma gəlmədi”.

Bir çox futbolsevər və ekspert hesab edir ki, FIFA prezidenti Canni İnfantinonun Lionel Messiyə və Argentina yığmasına olan xüsusi simpatiyası komandanın finala qədər yüksəlməsində mühüm rol oynayıb. Hətta ali futbol qurumunun açıq şəkildə Messini dəstəklədiyi və builki kubokun da məhz ona "hədiyyə" ediləcəyi barədə iddialar gündəmdən düşmürdü. Bununla yanaşı, Argentinanın qrup mərhələsindən sonra nisbətən zəif rəqiblərlə qarşılaşması da ciddi müzakirələrə səbəb olmuşdu. Sözügedən rəqiblər arasında ən güclüsü hesab olunan İngiltərəyə qarşı isə argentinalı futbolçular həddindən artıq aqressiv və sərt oyun nümayiş etdirmişdilər. Hətta dünya çempionatının startında Messinin qayda pozuntularını əsas gətirən bir çoxları, hakimin ona birbaşa qırmızı vərəqə göstərməli olduğunu tələb edirdilər.

"AzPolitika.info"