Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur bölgəsinə etdiyi səfərlər və oradakı fəallığı siyasi kulislərdə ciddi müzakirələrə səbəb olub. Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Paşinyanın bu addımlarını və Ermənistanın "Qərbə inteqrasiya" ritorikasını kəskin tənqid edərək, pərdəarxası məqamları barədə danışıb.
T.Zülfüqarov qeyd edir ki, əgər Paşinyan həqiqətən Ermənistanın xarici siyasət kursunu Rusiyadan uzaqlaşdırıb Qərbə yönəltmək istəyirsə, onun addımları tamamilə fərqli olmalı idi: "Əgər o, Ermənistanı Rusiyadan qoparıb Qərbə aparmaq istəyirsə, niyə Ermənistanın yeni geosiyasi prioritetlərini simvolizə etmək üçün Ermənistan-Türkiyə sərhədi boyunca piyada gəzintilərə çıxmır, əvəzində isə mübahisəli Zəngəzurda “siyasi alpinizm” ilə məşğul olur? Niyə məhz 2020-ci il kapitulyasiyasının yeganə yerinə yetirilməmiş şərti olan məlum 9-cu bəndin (Zəngəzur dəhlizi - red.) zonasında bu qədər aktivdir?"
Keçmiş nazir vurğulayır ki, Paşinyanın 9-cu bəndi yerinə yetirməsinə qadağa qoyan məhz Rusiyadır. O, tarixi faktlara müraciət edərək Rusiyanın bölgədəki rolunu üç mərhələyə bölür:
-"Birinci Rusiya": İşğal olunmuş İrəvan xanlığının xarabalıqları üzərində "Erməni vilayəti"ni yaradan Rusiya İmperiyası.
-"İkinci Rusiya": Azərbaycan Xalq Cümhuriyyətinin işğalından 7 ay sonra Zəngəzuru Ararat Respublikasının qalıqlarına verən bolşevik Rusiyası.
-"Üçüncü Rusiya":2020-ci ildə Zəngilan və Laçında irəliləyən Azərbaycan ordusunun qarşısına öz qoşunlarını çıxaran, əraziyə Ermənistanın yox, nümayişkaranə şəkildə Rusiyanın bayrağını sancaraq buranın "sahibinin" kim olduğunu göstərən "Putin Rusiyası".
Tofiq Zülfüqarovun fikrincə, bu tarixi və cari reallıqlar Ermənistan rəhbərliyinin oyununu tam çılpaqlığı ilə ortaya qoyur: "Tarixi faktların bu bir qədər publisistik təqdimatı birmənalı olaraq göstərir ki, “anti- Rusiya Paşinyan” sadəcə bir mifdir. Bu mif, Qafqaz dağlarının arxasına doğru qarşısıalınmaz şəkildə geri çəkilən imperiyanın bölgədəki sonuncu istehkamlarını və sərhədlərini qoruyub saxlamaq cəhdindən başqa bir şey deyil".
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər