Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri (SBF) iyulun 20-nə keçən gecə Rusiya ordusunun Krımdakı və Rusiya Federasiyasının daxili ərazilərindəki hərbi, logistik və enerji infrastrukturuna qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirib. "Krımstop" kod adlı əməliyyat çərçivəsində düşmənin çoxsaylı strateji obyektləri hədəf alınıb.
"AzPolitika" xəbər verir ki, əməliyyatın təfərrüatlarını Ukrayna ordusunun tanınmış bölmə komandirlərindən biri olan "Madyar" ləqəbli hərbçi açıqlayıb.
Qeyd edək ki, onun əsl adı Rober Brovdidir, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin tərkibində fəaliyyət göstərən məşhur "Madyarın Quşları" adlı 414-cü əlahiddə pilotsuz zərbə aviasiya kompleksləri alayının komandiridir, rütbəsi polkovnik-leytenantdır.
Məlumata görə, pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumu nəticəsində eyni vaxtda bir neçə istiqamətdə uğurlu nəticələr əldə olunub:
-"MoLoÇKa" əməliyyatı: Qara və Azov dənizləri akvatoriyasında Rusiyanın "kölgə donanması"na daxil olan 7 gəmi – 3 tanker və 4 quru yük gəmisi zərərsizləşdirilib.
-"Krım rubilnik off" əməliyyatı: İşğal altındakı Krım yarımadasının enerji sisteminə ağır zərbə vurulub. Yalta, Morskoye, Privetnoye, Luçistoye və digər məntəqələrdə yerləşən 7 mühüm enerji qovşağı və elektrik yarımstansiyası sıradan çıxarılıb.
-"PPOpad" (HHM-pad) əməliyyatı: Rusiya Federasiyasının birbaşa öz ərazisində – Yeysk, Primorsko-Axtarsk və Kamışevatskaya məntəqələrində Hava Hücumundan Müdafiə (HHM) və radiolokasiya sistemlərinə zərbələr endirilib.
Əməliyyat nəticəsində Rusiya ordusuna məxsus 6 bahalı texnika məhv edilib:
-1 ədəd "Tor-M2" zenit-raket kompleksi (ZRK);
-2 ədəd "Nebo-SV" radiolokasiya stansiyası (RLS);
-1 ədəd "Nebo-U" RLS;
-1 ədəd "Kasta 2E2" RLS;
-1 ədəd "Gamma S1M" RLS.
Hesabatda iyulun 1-dən 20-nə qədər olan dövr ərzində həyata keçirilən digər əməliyyatların da yekun statistikası təqdim olunub. Qeyd olunub ki, son 20 gündə Krımda "kölgə donanması"nın 183 vahidi (119-u Azov, 64-ü Qara dənizdə) və 103 enerji qovşağı vurulub. Həmçinin Rusiya ordusunun 25 HHM elementi (12 ZRK, 12 RLS və 1 REB kompleksi) məhv edilib.
Strateji əhəmiyyətli Kerç (Krım) bərə keçidinin logistik imkanlarının 75 faiz aşağı salındığı bildirilir. Keçiddə fəaliyyət göstərən 5 bərədən 3-ü tamamilə sıradan çıxarılıb, qalan 2-si isə özüyeriyən funksiyasını itirdiyi üçün hazırda yalnız yedəkçi gəmilərin (buqsirlərin) köməyi ilə barja rejimində işlədilir.
Ukrayna tərəfi Krımdakı hərbi və loqistik mərkəzlərin bombardman edilməsinin fasiləsiz və müddətsiz davam edəcəyini bəyan edib.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər